AZ

ABŞ Dövlət Departamenti niyə öz gözündə tiri görmür?

Sözügedən qurumun başı xaricdə məsələləri “həll etməyə” o qədər qarışıb ki, öz daxilində dini və etnik nifrətin mövcud miqyasını izləməyi unudub

ABŞ Dövlət Departamenti hər il dünyada insan haqları və demokratiyanın durumuna dair hesabat yayır. Hesabatlarda ayrı-ayrı dövlətlərdə insan haqları və demokratiya sahəsində vəziyyət tənqid edilir, həmin dövlətlərə neqativ halların aradan qaldırılması çağırışı və ya tələbi irəli sürülür. Bu günlərdə Dövlət Departamenti eyni məzmunlu hesabatı - 2023-cü il üzrə insan haqlarına dair hesabatını yenə yaydı. Hesabatın Azərbaycana aid hissəsində yenə qərəzli, düzgün olmayan mövqe əks olunub. ABŞ-ın bu cür hesabatları real vəziyyəti əks etdirməkdən çox digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ümumiyyətlə, ABŞ-ın hər il “insan haqlarına” dair hesabatı dünyada artıq ciddi qəbul olunmur. Çünki hesabatlarda adətən eyni ölkələr hədəfə alınır, digərləri isə qəribə şəkildə “qınaqdan” kənarda qalır, Həmçinin hesabatlar hazırlanan zaman ikinci, ya da üçüncü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir. Amerikanın özündə son illər insan hüquq və azadlıqları sahəsində kifayət qədər neqativ halların yaşandığını bütün dünya görür. Bu faktın özü ABŞ-ın başqa dövlətlərin daxilində insan haqlarının necə olması barədə hesabatlarının obyektivliyinə kölgə salır. Məsələn, ölkənin statistik nəşrlərinin rəsmi məlumatlarına görə, ABŞ-da cinayətkarlığın, dini və etnik zəmində qətllərin nisbəti son illərdə durmadan artır. Yalnız 2021-ci ildə qətllərin sayı 7 faiz , 2022-ci ildə isə 9 faiz artıb. Eyni zamanda, yerli ekspertlər yaxın illərdə kriminal vəziyyətin ciddi şəkildə yaxşılaşacağını proqnozlaşdırmırlar. Federal Təhqiqatlar Bürosunun (FTB) məlumatına görə, ABŞ şəhərlərində zorakılıq cinayətləri son on ildə orta hesabla 12 faiz artıb, adam öldürmə, zorlama və ağır hücumlar isə 25 faiz artıb. FTB hesabatında qeyd edir ki, son 10 il ərzində ABŞ-ın adəti üzrə sabit və sakit əraziləri hesab olunan kiçik şəhərlərində adam öldürmə nisbəti orta hesabla 80 faizdən çox artıb. Bu qətllər üçün əsas motiv isə dini və etnik zəmində dözümsüzlükdür. Yəni ABŞ Dövlət Departamentinin başı xaricdə məsələləri “həll etməyə” o qədər qarışıb ki, öz daxilində dini və etnik nifrətin mövcud miqyasını izləməyi unudub. Yerli cinayətkarlığın artım templərinin statistikası həm də onu göstərir ki, ABŞ-da qaradərililərə, digər etnik mənsubiyyətlərə və dinlərə qarşı irqi qərəzdən qaynaqlanan cinayətlərin sayı durmadan artır. Yalnız bir il ərzində bu növ qətl halları 100 faiz artıb -  2020-ci ildə  8120 nəfər olan bu göstərici 2021-ci ildə 9065 nəfərə yüksəlib. Eyni zamanda öldürülənlərin  14,1faizi sırf dini nifrət üzərindən, dini mənsubiyyətinə görə öldürülənlər olub. Qətllərin yarıdan çoxu isə antisemitizm və islamafob təzahürlüdür.

Son 30 il ərzində ABŞ başqa ölkələrin ərazisində 20-dən çox hərbi əməliyyatda iştirak edib, tez-tez öz müharibə prinsiplərini və çoxsaylı beynəlxalq müqavilələri pozub. İnsan haqlarının pozulması haqqında danışırıqsa bura müharibələrin başlaması ilə mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsi, yaşamaq hüququnun pozulması, birtərəfli sanksiyalar, həbs və işgəncələrdən sui-istifadə, dini etiqad azadlığının və insan ləyaqətinin tapdalanması və s. kimi cinayətlər də aiddir. Məsələn, Yaxın Şərqin bir çox ölkələrində ABŞ hərbçiləri nədənsə şübhəli və ya günahkar görünən hər hansı yerli sakini qeyri-qanuni  həbs edib, vəhşicəsinə işgəncə verib, ən əsası edam ediblər. ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğu ölkəni fəlakətli vəziyyətə saldı və ABŞ Əfqanıstan da daxil müdaxilə etdiyi ölkələrin heç birində mülki infrastrukturun inkişafı ilə heç vaxt məşğul olmadı, yalnız hərbi və siyasi amillərə diqqət yetirdi. Əfqanıstanda müharibə illərində törədilən cinayətlərin hesabatına görə, əfqan fermerlərin və mülki məhbusların edam olunması isə adi praktika imiş... ABŞ-ın 2003-2011-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda isə insanlıq tarixinin ən ciddi cinayətləri törədildi. ABŞ müdafiə nazirliyinin rəsmi məlumatına görə, müharibə illərində İraqa mülki obyektlərə 29166 raket və bomba zərbəsi endirilib. ABŞ hərbçilərinin kimyəvi silahdan, xüsusən ağ fosfordan və zənginləşmiş urandan istifadə etməsi nəticəsində İraq əhalisi gələcək nəsillərə ötürülən genetik xəstəliklər qazandı. Çoxsaylı araşdırmalara görə, 2004-cü ildə ABŞ-ın bombaladığı İraqın Fəllucə şəhərində uşaq ölümü, xərçəng və leykemiyanın kəskin artması, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların bu gün tarixə məlum olan göstəriciləri üstələyir. Ağ fosfordan əlavə, İraqda ABŞ hərbi mühəndisləri mərminin gücünü əhəmiyyətli dərəcədə artırdığına  görə zənginləşmiş urandan geniş istifadə edib. Bu və bunun kimi saymaqla bitməyən faktları nəzərə alaraq BMT, dünya dövlətləri də bir araya gəlib ABŞ-ın özündə insan haqları barədə hesabat hazırlamalıdırlar.

Sevinc Azadi, “İki sahil”

Seçilən
97
Mənbələr
Şərh ()
Bağla