AZ

Ciddi narazılıq olmadı, Ayxan Abbasovla Elmar Baxşıyev gileyləndi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

25 sarı, 1 qırmızı vərəqə, hamısı qolla nəticələnən, gerçəkliyi şübhə doğurmayan 3 penalti.

16 sarı və yeganə qırmızı iki oyunun – “Turan Tovuz” – “Sumqayıt”, “Zirə” – “Neftçi” – payına düşdü. Qalan üç qarşılaşma isə yetərincə səliqəli keçdi. Hakim qərarlarıyla bağlı narazılıqlara gəlincə, Elmar Baxşıyev “hakim bəzi epizodlarda mübarizəni davam etdirə bilərdi” dedi, Ayxan Abbasov isə son turdan yox, 1-2-ci dövrələrdə komandasına münasibətdə çoxlu səhvə yol verilməsindən gileyləndi.

Zirə - Neftçi, İNQİLAB MƏMMƏDOV
2-ci yer uğrunda mübarizə aparan komandaların görüşü İnqilab Məmmədovdan və köməkçilərindən ibarət briqadaya tapşırılmışdı. Hakimin hansı qərəzli qərarının şahidi olmadıq. Hətta hər xırda epizodu fol kimi qiymətləndirməyən, tempi öldürməyən Məmmədova, sadəcə, alqış düşür. Görüşdə ən yadda qalan hadisə penalti və qırmızı vərəqənin verildiyi epizodlar idi ki, baş hakim hər iki qərarında haqlı idi. Onsuz da penalti epizodunda VAR-a baxan hakimin düzgün qərar qəbul edəcəyinə şübhə yox idi. Çünki Qismət Alıyev topun qarşısını aşkar şəkildə əllə almışdı. “CBC Sport”un yayınında bu aydın görünürdü. Ceyhun Nuriyev də hər iki epizodda rəqibə qarşı kobudluq etmişdi, sarı vərəqələri haqq edirdi. Ümumilikdə idarəçiliyinin normal səviyyədə olduğunu demək mümkündü.

Araz-Naxçıvan – Səbail, TURAL QURBANOV
Ortababların dueli nəticə baxımından hər iki tərəf üçün önəmli idi. Komandaların uğursuz seriyadan qurtulmaq istəyinin pik həddə olduğunu nəzərə alsaq, dinamik çıxış gözləməyə dəyərdi. Lakin bunu birinci yox, ikinci hissədə gördük. Buna baxmayaraq, hakimin səhvləri gözdən qaçmadı. Onun ciddi epizodlara laqeyd, güzəştli yanaşması diqqəti çəkdi. Səbr kasasını daşıran an isə 36-cı dəqiqədə yaşandı. Ədalət təmsilçisi Neman Kurdiçin sürətli əks-hücum zamanı irəli atılan Aleksandr Ramalinqomu yerə yıxmasını bağışladı. Yəqin ki, buna futbolçunun cəmi 2 dəqiqə əvvəl “sarı” alması səbəb oldu. Lakin Qurbanov Numanı bağışlamaqla ədalətlə mərhəmət arasındakı incə xətti tapdaladı. Referi buna etiraz edən Fuad Əsədovu da cəzasız qoymadı. “Araz-Naxçıvan”ın qapısına təyin edilən penalti haqlı idi. İkinci hissədə hakimin varlığını, demək olar ki, hiss etmədik. Komandaların aqressiv oyununa şərait yaradan Tural bəy bunaqədərki günahlarını “yudu”.

Turan Tovuz - Sumqayıt, ƏLİYAR AĞAYEV
Qonaqların üstünlüyü şəraitində keçən matçda Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasının nəticəyə təsir edən ciddi səhvi olmadı. Referi futbolçulara 8 sarı vərəqə göstərdi ki, bunların hamısı haqlı idi. “Turan Tovuz”un 2-ci hissədəki ilk tutarlı hücum cəhdi Əliyar Ağayevin “nöqtə”ni göstərməsiylə nəticələndi. Daha dəqiqi, Vüqar Mustafayev Alexandro Serranonu cərimə meydançası daxilində yerə yıxdı. Qonaqları Otto Con cəzalandırdı. Ümumilikdə FİFA referisi oyunu ideal idarə etdi.

Kəpəz - Sabah, RAUF CABBAROV
Oyun yetərincə sürətli və gərgin mübarizə şəraitində keçdi. Hakimin çiynindəki “yük” də yüngül oldu. Cabbarov “Sabah”ın futbolçuları üçün 3 dəfə əlini cibinə atdı. 30-cu dəqiqədə qonaqlar fərqlənsə də, yan xətt hakiminin bayrağı havada idi. Referinin qərarları və mövqe seçimi doğru idi.

Qarabağ – Qəbələ, FƏRİD HACIYEV
Çempionla autsayderin matçı gözləniləndən daha gərgin tempdə keçdi. Qonaqlar 9-cu dəqiqədə hesabı açsa da, referi Əyyub Allaşın qolunu qeydə almadı. Videotəkrarda onun oyundankənar vəziyyətdə olduğu göründü. 32-ci dəqiqədə isə ağdamlıların qolu qeydə alınmadı. Buna səbəb hücumun gedişində Allaşa qarşı kobudluğun baş verməsi idi. Epizod referinin gözündən yayınsa da, VAR-ın müdaxilə ilə Adama Diakabinin vurduğu top ləğv olundu. İkinci hissənin startında daha bir qol qeydə alınmadı. Bu dəfə Redon Cicanın fərqləndiyi epizod oyundankənar vəziyyət kimi qiymətləndirildi. Ləğv olunan hər 3 qoldakı qərarlar doğru idi. Ümumilikdə Hacıyev və briqadası oyunu ideala yaxın idarə etdi.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla