AZ

Paşinyan üçün taleyüklü Moskva səfəri...

Ermənistan siyasi elitası tərəfindən uzun müddətdir yürüdülən və formalaşan anti Rusiya ritorikası (konkret əməl ritorika səviyyəsində deyil) erməni cəmiyyəti tərəfindən nə dərəcədə dəstəklənir? Nəzərə alsaq ki, dünyaya səpələnən ermənilərin daha çox hissəsi Rusiyada məskunlaşıb və Ermənistanda yaşayan ermənilərin də əlaqələri əsasən şimaldakılarladır, bu məsələdə birmənalı mövqe formalaşmadığını deyə bilərik. Qarabağ məğlubiyyətindən sonra sıravi ermənilər də Rusiyanı onları müdafiə etməməkdə əsəbi formada qınayırlar, amma zaman keçdikcə əvvəlki əsəb azalır və həm iqtisadi, həm insani əlaqələrinin Rusiya ilə bağlı olduqlarının fərqində olub.., Paşinyanın qərbyönümlü siyasətinin uğur gətirəcəyinə şübhə ilə yanaşırlar. Əlbəttə, bu yanaşma bütün cəmiyyətə aid deyil, anti Rusiya ovqatı müəyyən kəsimdə hələ də qalıcı xarakter daşıyır.
 
Məhz, cəmiyyətdə xaos səviyyəsində bir durum mövcuddur və bu vəziyyətin yaranmasında bəzən birbaşa, bəzən də dolayısı ilə Rusiyanın rolu vardırmı? Paşinyanın konstruktiv mövqeyinə qarşı çıxanların demək olar ki, hamısı Rusiyanın adamları kimi tanınırlar. Bu qüvvələrə başçılıq edənlər-Serjik Sarkisyan, Seyran Ohanyan hər zaman Kremldən gələn təlimatlara əsaslanıblar. Rusiya Ermənistana deyil, Paşinyana qarşı hansı sərt siyasət yürüdə bilər? Az qala hamı düşünür ki, Rusiyanın səbr kasası daşmaq üzrədir və tezliklə Ermənistan rəhbərliyi qərbyönümlü siyasətində əsaslı korrektələr edərək Kremlin maraqlarına uyğun siyasi xəttə başlayacaq. Yaxın günlərdə Paşinyanın Moskvaya gedəcəyini və Putinin onunla sərt müzakirələr aparacağını proqnozlaşdıran rus və erməni politoloqlar var. Bəs, Paşinyan tutduğu yoldan dönməzsə, Rusiya hansı siyasətə əl ata bilər? Paşinyan ehtiyatla Rusiya ilə münasibətlərini davam etdirməyə məcburdur, çünki Rusiyadan iqtisadi, siyasi, enerji asılılığının Qərb tərəfindən tezliklə aradan qaldıracağının real olmadığını yaxşı bilir. 
 
Rusiya da Ermənistana qarşı ritorikadan uzağa getməyəcək, çünki Ermənistan yaxın vaxtlara KTMT-dən, Avrasiya İqtisadi İttifaqından, MDB-dən çıxmaq niyyətində deyil və Rusiya hərbi bazasının da çıxarılmasını rəsmən gündəmə gətirməyəcək. Rusiya da nə qazın qiymətini qaldıracaq, nə Lars yolunu bağlayacaq, hətta Fransanın silah verməsini, Qərbin maliyyə dəstəyini də Rusiya qısqanclıqla qarşılamır. Amma, gözlənilən görüşdə Putin Paşinyana strateji sual(lar) ünvanlaya bilər: məqsədi nədir, apardığı siyasətin sonunda nəyə nail olmaq istəyir? Detallı olaraq Zəngəzur dəhlizinin perspektiv taleyi ilə də bağlı məsələnin müzakirə predmeti olacağı da inandırıcıdır. Çox ehtimal ki, Putin 10 noyabr 2020 il üçtərəfli razılaşmasını xatırladacaq və Zəngəzur yoluna Rusiya sərhədçilərinin nəzarət etməli olacağını vurğulayacaq. Paşinyan isə artıq bu bəyannamənin əhəmiyyətini itirdiyi barədə bir müddətdir dediklərini Kreml rəhbərinə də təkrarlaya bilər və yol infrastrukturunun onsuz da hazır olmadığı səbəbilə bu problem hələlik açıq qalacaq.
 
Bir sözlə, Moskva görüşünün Paşinyanı qərbyönümlü siyasi kursundan yayındırması real deyil, amma Rusiya ilə də münasibətləri tez bir zamanda qoparmağın zərərli, hətta indiki mərhələdə təhlükəli olduğunu da anlayır. Başqa detallar da var. Paşinyan Putinin andiçmə mərasiminə də qatılacaqmı, yoxsa yalnız bir günlük Avrasiya İqtisadi İttifaqının tədbirində iştirak etməklə kifayətlənəcək? Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın andiçmə mərasiminə qatılan Paşinyanın Putinin inauqurasiyasına qatılmaması mümkünsüz hesab edilir. Ermənistan politoloqları Putinin andiçmə mərasimini Paşinyan üçün “sınaq” kimi dəyərləndirirlər. Ümumiyyətlə, hiss olunur ki, 7 may tarixini Putin andiçmə tədbiri üçün təsadüfən seçməyib. 8 mayda Avrasiya İqtisadi İttifaqının tədbirində iştirak edən üzv dövlət başçılarının 9 may Qələbə günündə də iştirakı Putinə siyasi divident qazandıran gediş olacaq. Paşinyan da qərar verməli olacaq: qalsın, yoxsa getsin? Qərarın necə verilməsi Paşinyanın siyasi lider kimi taleyini müəyyənləşdirmiş olacaq. Siyasi reveranslar etməyi sevən Paşinyan Moskvada da bunu təkrarlayıb təzyiqlərdən yayınmaq üçün qısamüddətli fasilə götürmüş ola bilər.
 
Rusiya Ermənistan münasibətlərinin gərginləşməsi Cənubi Qafqaza, konkret olaraq Azərbaycana mənfi təsirləri ola bilərmi? Azərbaycan ərazi bütövlüyünü təmin edib və Ermənistan daxilində baş verən proseslərdə Qərb -Rusiya qarşıdurması soyuq müharibə şəklində bir neçə il davam edə bilər. 2026-cı ildə Paşinyanın hakimiyyətdə qalması çətindir, amma indiki müxalifətin də iqtidara gəlməsi real deyil. Qərbin dəstəyi ilə Paşinyan komandasının üzdə olan fiqurunun onu əvəzedəcəyi daha çox ehtimal olunur.  
 
İlham İsmayıl
Seçilən
109
50
Mənbələr
Şərh ()
Bağla