AZ

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, keçmiş Minsk Qrupunun həmsədri Keri Kavanonun Bakıda 2000-ci ildə mərhum dövlət başçısı Heydər Əliyevə Ağdam Cümə məscidinə aid olan daş parçası təqdim edərkən dediyi sözlər diqqətimi çəkib. “Bu, bizim bərpa etmək arzusunda olduğumuz torpağın bir hissəsidir” deyən amerikalı diplomat sözlərini bu cümlə ilə yekunlaşdırmışdı: “Ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Bakıdakı görüşdən bir il sonra Kerri Kavano ABŞ-ın Florida ştatının Ki-Uest şəhərciyində Azərbaycan Prezidenti Heydər Əliyevlə Ermənistanın o zamankı Prezidenti Robert Köçəryan arasında görüş təşkil etdi:

“Həmin görüşün ilk günündə ABŞ-ın o zamankı Dövlət katibi Kolin Pauel də iştirak edirdi. Müzakirələr 4 gün çəkdi və Kerri Kavano əlindən gələni etdi ki, Ki-Uestdə razılaşma əldə edilsin. Ancaq Köçəryanın razılaşdığı həll planına Heydər Əliyev “yox” dedi. Bunun doğru qərar olduğu 19 il sonra İkinci Qarabağ müharibəsiylə təsdiq olundu. O zaman bizdən faktiki Qarabağın Laçınla birlikdə Ermənistana birləşdirilməsinə, ya da müstəqilliyə yaxın statusa razılaşmamızı istəyirdilər. Zamana ehtiyacımız var idi.

Vaşinqton Ki-Uestdə müsbət nəticəyə ümid edirdi. Ona görə də müzakirələrin müddəti 4 gün nəzərdə tutulmuşdu. Vaşinqton Bosniya münaqişəsiylə bağlı 1995-ci il Deyton razılaşmasının bənzərinin 6 il sonra Ki-Uetsdə əldə olunacağına ümidli idi. Ancaq amerikalı diplomatlar Deytonda tərəflərə təzyiq etmiş və sülh planını zorla qəbul etdirmişdilər. Ki-Uestdə isə bunu zorla həyata keçirmək mümkün deyildi. Birincisi, bu halda Minsk Qrupuna ehtiyac qalmazdı, ikincisi bölgədə atəşkəs rejimi hökm sürürdü.

Ki-Uestin nəticəsiz qalması Kerri Kavanonun sonrakı diplomatik karyerasına da təsir etdi. O, 2006-cı ildən təhsil sahəsinə keçdi. Kavanonun hazırladığı plan yararsız olduğu kimi onun İkinci Qarabağ müharibəsinin mümkün gedişi barədəki proqnozları da səhv çıxdı. O, müharibə günlərində deyirdi ki, böyük dövlətlər Qarabağı Azərbaycanın nəzarətinə keçməsinə imkan verməyəcəklər. Kavano mərhum dövlət başçısı Heydər Əliyevə Ağdam Cümə məscidindən daş gətirərkən gələcəyi proqnozlaşdıra bilməmişdi. O, hadisələri doğru proqnozlaşdıra bilsəydi, Şuşa məscidindən də daş gətirib “ümid edirik ki, o böyük məscidin özü geri qaytarılacaq” ifadəsini bu məscidimiz üçün də deməliydi. Kavanonun ümidi yalnız Ağdam məscidinin Azərbaycanın nəzarətinə keçməsiylə bağlıydı, halbuki bu gün Qarabağın tamamı və bu bölgədəki bütün məscidlər nəzarətimizdədir”.

Qeyd edək ki, bu gün Ağdam məscidində ilk azan verilib.

Seçilən
44
3
Mənbələr
Şərh ()
Bağla