AZ

İker Munyain yayda “Atletik”dən ayrılacaq - Rəsmi

Bilbao “Atletik”inin kapitanı və hücumameylli yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda bask klubunu tərk edəcək.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Vurğulanır ki, 31 yaşlı futbolçu ayrılmaq qərarını özü verib.

Munyain qərarını belə şərh edib: “Bu, çox çətin bir qərar oldu, amma həm “Atletik”, həm də mənim üçün ən yaxşısı bu idi. Mövsümün qalan matçlarında hər zaman olduğu kimi UEFA Çempionlar Liqası xəyalına çatmaq üçün mübarizə aparacağıq”.

İker Munyain “Atletik”in yetirməsidir və 2009-cu ildə əsas komandada oynayır. Yarımmüdafiəçinin bask klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Munyain “Atletik”in heyətində 22 oyuna çıxıb və 2 qol vurub. Munyainin “Atletik”in heyətində 15 illik çıxışı isə rəqəmlərin gözü ilə belə bir mənzərə yaradır: 557 oyun, 75 qol, 70 məhsuldar ötürmə. Bu göstərici ilə o, klub tarixinin ən çox oyun keçirən ikinci futbolçusudur.

İker Munyain İspaniya yığmasının aşağı yaş qruplarından keçməklə əsas yığmaya yüksəlib. O, həmçinin İspaniyanın Olimpiya yığmasına cəlb edilib. Munyain İspaniya yığmasının heyətində 2012-ci ilin fevralında debüt edib, 2019-cu ilə qədər yığmaya cəlb edilsə də, cəmi 2 oyunda iştirak edib. Yarımmüdafiəçi bu görüşlərdə məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

İker Munyainin qənimətlər muzeyində “Atletik”lə qazandığı 3 kubok var: 2 İspaniya Super Kuboku (2015/2016, 2020/2021) və İspaniya Kral Kuboku (2023/2024).

Həmçinin Munyain İspaniyanın U-21 yığması ilə 2011-ci və 2013-cü illərdə 2 dəfə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla