AZ

“Arsenal” “Çelsi”ni darmadağın etdi

29-cu turdan təxirə salınan oyunda “Arsenal” “Çelsi”ni qəbul etdi.

“Football-plus.az” xəbər verir ki, ilk dəqiqələrdən üstün təsir bağışlayan “topçular” erkən qol vura bildi. Partidən ötürmə alan Raysın topla təmin etdiyi Trossar qapıçı meydançasının küncündən yaxın küncü “nişan aldı”. Meydan sahibləri hesabda irəli çıxandan sonra da sakitləşmədilər. Rays əlverişli mövqedən “çərçivə”yə düşə bilmədi. “Zadəganlar”ın əks-hücumu zamanı isə Qabrielin ayağından səkən top dirəyə dəydi. “Çelsi”ni bir neçə dəfə qapıçı Petroviç xilas etdi. O, əvvəlcə Sakanın, ardından Haverts ilə Trossarın zərbələrinin qarşısını aldı. Amma qonaqların da ilk yarıda hesabı bərabərləşdirmək üçün daha bir şansı oldu. Fernandes yaxşı mövqedən topu tora göndərə bilmədi. Hissənin sonu sakit axarda keçdi. Əvəzində 2-ci hissənin əvvəlində “Arsenal” rəqibini yerlə yeksan etdi. Uayt fərqi artırdı. Ardından Haverts qısa zaman kəsiyində iki qol vurdu. 70-ci dəqiqədə isə Uayt da dubl etdi.

29-cu turdan təxirə salınan oyunlar
Arsenal – Çelsi 5:0
Trossar, 4. Uayt, 52; 70. Haverts, 57; 65.
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Tomiyasu (Zinçenko, 72), Edeqor, Parti (Jorjinyo, 72), Rays, Saka (Vieyra, 82), Haverts (Jezus, 72), Trossar (Martinelli, 72).
Çelsi: Petroviç, Gilkrist, Disasi, Badyaşil, Kykurelya, Kaysedo, Fernandes (Çaloba, 67), Madueke (Kazadei, 78), Qallaher (Silva, 78), Mudrik (Sterlinq, 66), Cekson.
Vulverhempton – Bornmut 0:1
Semenyo, 37.
Kristal Pelas – Nyukasl 2:0
Mateta, 55; 88.
Mançester Yunayted – Şeffild Yunayted 4:2
Maquayr, 42. Fernandeş, 61-p.; 81. Heylunn, 85 – Boql, 35. Brereton Dias, 50.
Everton – Liverpul 2:0
Brentueyt, 27. Kalvert-Lüin, 58.
“Brayton” – “Mançester Siti” oyunu bu gün keçiriləcək.
Xal durumu: Arsenal - 77, Liverpul – 74, Mançester Siti – 73, Aston Villa – 66, Tottenhem – 60, Mançester Yunayted – 53, Nyukasl – 50, Vest Hem – 48, Çelsi – 47, Bornmut – 45, Brayton – 44, Vulverhempton – 43, Fulhem - 42, Kristal Pelas – 39, Brentford – 35, Everton – 33, Nottingem Forest – 26, Luton – 25, Bernli – 23, Şeffild Yunayted – 16.
Bombardirlər: Holann (MS), Palmer (Çelsi) – 20.

Reaksiyalar
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Qələbədən, təhlükəli vəziyyətlərin sayından və qollardan çox razıyam. İlk yarıda bəzi məqamlarda yetərincə intizamlı deyildik, ancaq 2-ci hissədə bunu düzəltdik. Bu, böyük London derbisidi, azarkeşlər üçün necə önəmli olduğunu bilirik. İndi qələbədən həzz alacaq, dincələcək və növbəti oyuna hazırlaşacağıq. Futbolçular nə üçün oynadıqlarını bilirlər. Mənim vəzifəm onlardan tələb etmək, həmçinin lazımi anlarda onları öz gücünə inanmağa məcbur etməkdi. İrəlidə bizi çoxlu oyun gözləyir”.


Maurisio Poçettino, “Çelsi”nin baş məşqçisi:
“Düşünürəm ki, oyuna o qədər də yaxşı başlamadıq. Qol buraxandan sonra əvəzini çıxmaq çətin idi. Oyuna biz başladığımız kimi başlamaq olmaz. “Arsenal” 3-cü qolu vurandan sonra oyuna nəzarət etməsi asanlaşdı. Düşünürəm ki, daha ehtiyatlı olmalıyıq. Üç gün əvvəl “Mançester Siti” ilə oyunda olduğu kimi, yenə bu baxımdan “axsadıq”. Komandanın belə oynadığını görmək heç də xoş deyil. MS-yə qarşı fantastik oynamışdıq, bu gün isə çox məyusam”.
Seçilən
46
50
Mənbələr
Şərh ()
Bağla