AZ

262-ci “Superklasiko”da “Boka Xuniors” qalib gəldi

Aprelin 20-21-də Argentina Liqa Kubokunun (LK) pley-off mərhələsinə start verildi.

“Football-plus.az” xəbər verir ki, 1/4 finalın oyunları keçirildi.

Başqa sözlə, artıq yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

Xatırladaq ki, qrup mərhələsində 28 komanda iki qrupda birdövrəli sistemlə mübarizə aparıb. Qruplarda ilk 4 yeri tutanlar kubok uğrunda mübarizəni davam etdirmək hüququ qazanıblar. Qrupu 1-ci və ya 2-ci yerdə başa vurmağın üstünlüklərinin olduğunu da qeyd edək. Belə ki, ilk iki yerin sahibləri 1/4 finalda digər qrupda uyğun olaraq 4-cü və 3-cü yerləri tutan komandalarla qarşılaşmaq hüququna malik idilər. A qrupunda ilk 4 yeri uyğun olaraq “River Pleyt”, “Arxentinos Xuniors”, “Barrakas Sentral” və “Veles Sarsfild”, B qrupunda isə “Qodoy Krus”, “Estudiantes”, “Defensa y Xustisiya” və “Boka Xuniors” tutmuşdu. Nəticədə 1/4 final cütləri müəyyənləşmişdi.

Bu mərhələnin ilk matçı aprelin 20-də Lomas de Samorada keçirildi. Qapısında erkən qol görən “Arxentinos Xuniors” “Defensa y Xustisiya”ya məğlubiyyətdən son dəqiqələrdə qaça bildi. LK-nın reqlamentinə görə, 30 dəqiqəlik əlavə vaxt nəzərdə tutulmadığı üçün komandalar əsas vaxt bitəndən sonra penalti seriyasında gücünü sınamalı oldular. Bu sınaqdan 3:2 hesabı ilə “Arxentinos Xuniors” qalib çıxdı.

Bazar günü ilk yarımfinalçı La Platada müəyyənləşdi. “Estudiantes” “Barrakas Sentral”a heç bir şans vermədi. Karrilyonun iki Korreanın bir qolu “tələbələr”in 3:0 hesablı qələbəsini təmin etdi. B qrupunu lider kimi başa vuran “Qodoy Krus” isə azarkeşlərini məyus etdi. Digər qrupda 4-cü yeri tutan “Veles Sarsfild” ilə ev oyunu meydan sahibləri üçün yaxşı başladı: Altamira 18-ci dəqiqədə “Qodoy Krus”u hesabda önə keçirdi. Lakin Brayan Romero çox keçmədən cavab qolunu vurdu. 54-cü dəqiqədə müdafiəçi Elias Qomesin kobud oyuna görə qarşısında birbaşa qırmızı vərəqə görməsi qonaqları çətinə saldı. “Qodoy Krus”un bundan yararlanıb qələbə qazanacağını düşünmək olardı. Lakin əksinə oldu. On nəfərlə mübarizə aparan “Veles Sarsfild” əzmkarlıq nümayiş etdirdi. Hesabı bərabərləşdirən 32 yaşlı hücumçu Romero 68-ci dəqiqədə paytaxt komandasının qələbəsini təmin etdi.

Əlbəttə, ölkə futbol ictimaiyyətinin əsas diqqəti Buenos Ayresdəki duelə yönəlmişdi. Xatırladaq ki, qrup mərhəlsində keçirilən “River Pleyt” - “Boka Xuniors” matçı 1:1 hesabı ilə nəticələnmişdi. Martin Demiçelisin komandası Argentina futbolunun 1 nömrəli derbisində yenə büdrədi. Halbuki, əzəli rəqiblərin mövsüm ərzindəki çıxışını müqayisə etsək, “River” daha şanslı görünürdü. Kordobada keçirilən 262-ci “Superklasiko”, gözlənildiyi kimi, ev sahiblərinin üstünlüyü ilə keçdi. Amma “Boka” rəqibindən çox da geri qalmadı. Daha çox əzəli rəqiblərin sərt və kobud oyunu ilə yadda qalan matçda hesabı “River” açdı: qrup mərhələsində 12 qol vuran Borxa qapıya erkən yol tapdı. Rəqib bu qola fasilə ərəfəsində Merentyel ilə cavab verdi. İkinci hissənin ortaları “River Pleyt” üçün qara kabusa çevrildi: Kavani ilə Merentyel 5 dəqiqə ərzində “Boka”nə 3:1 hesabı ilə önə keçirdilər. Dieqo Martinesin komandası bundan sonra əsas diqqəti müdafiəyə ayırdı. “River”in bundan sonra təşəbbüsü yenidən ələ alacağı gözlənilirdi. Demiçelisin komandası nə qədər çalışsa da, hesabı bərabərləşdirə bilmədi. Qapıya yalnz bir dəfə, özü də son saniyələrdə yol tapan “milyonçular” 2:3 hesablı məğlubiyyətlə LK-da mübarizəni dayandırdılar. Beləliklə, 262-ci “Superklasiko”da “Boka Xuniors”un 92-ci qələbəsi rəsmiləşdi. Əzəli rəqabətdə indəiyədək 84 dəfə heç-heçə qeydə alındığını, “River Pleyt”in isə derbidə 86 qələbə qazandığını da qeyd edək.

Beləliklə, LK-nin yarımfinalında cütlər belə formalaşdı: “Arxentinos Xuniors” - “Veles Sarsfild”, “Estudiantes” - “Boka Xuniors”. Bu mərhələnin bir oyundan ibarət olacaq matçları aprelin 28-də keçiriləcək.

1/4 final
River Pleyt - Boka Xuniors 2:3
Borxa, 10. P.Dias, 90+7 – Merentyel, 45+1; 67. Kavani, 62.
Estudiantes – Barrakas Sentral 3:0
Karrilyo, 2; 62. X.Korrea, 86.
Qodoy Kruz - Veles Sarsfild 1:2
Altamira, 18 – B.Romero, 24; 68.
Arxentinos Xuniors – Defensa y Xustisiya 1:1, p. – 3:2
A.Rodriges, 82 – Boqarin, 11.

qrup mərhələsi, 14-cü turun oyunu
Rosario Sentral – Deportivo Riestra 1:1
Kampas, 45+2 – Barrionuevo, 14.
Bombardirlər: Borxa (River Pleyt) - 13, A.Martines (Rasinq) - 12, İ.Ramires (Nyuellz Old Boyz) - 8.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla