AZ

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Bakı, 25 aprel, AZƏRTAC

Arbitraj təsisat olaraq həm dövlət məhkəmələrinin iş yükünün azaldılmasına xidmət edir, həm də sahibkarlara, investorlara mübahisələrin həlli ilə bağlı əlavə imkanlar açır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev “Dövlət-sahibkar tərəfdaşlığı: Azərbaycan Arbitraj günləri”

mövzusunda keçirlən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müstəqil və effektiv arbitraj məhkəməsinin biznes mühitinin əlverişliliyinin artırılması, xarici investorların cəlb edilməsi və özəl sektorun iqtisadi inkişafda rolunun gücləndirilməsinə birbaşa təsiri var.

“Arbitraj məhkəməsi və bu çərçivədə hüquqi icraat eləcə də, ölkənin hüquq sisteminin inkişafına, insanların hüquq mədəniyyətinin yüksəlməsinə təsir göstərir. Məhz bu səbəbdən, ölkəmizdə Arbitraj haqqında qanunun qəbul edilməsi irəliyə doğru atılmış bir addım kimi bütün ölkə ictimaiyyəti, o cümlədən sahibkarlar tərəfindən dəstəklənib. Ümidvarıq ki, Arbitraj haqqında qanun da məhkəmə-hüquq sistemimizdə gətirdiyi yeniliklərlə yeni, daha sağlam, daha səmərəli münasibətlərin əsasını qoyacaq. Sahibkarlar da gələcəkdə tərəfdaşları ilə olan müqavilələrində mübahisələrin həlli ilə bağlı müddəalarda məhz yerli arbitrajlara üstünlük verməlidirlər. Çünki bu təsisatın ölkəmizdə yaranması və inkişafı ən birinci biznesin xeyrinədir”, - deyə M.Musayev əlavə edib.

M.Musayev sözlərinə görə, hər gün inkişaf edən, dəyişən, daha da ixtisaslaşan, mürəkkəbləşən sahibkarlıq münasibətləri üçün arbitraj bir ehtiyac halını alıb: “Bir daha qeyd edirəm ki, arbitrajın biznesin maraqları baxımından effektivliyi artıq dünya təcrübəsi ilə sübut olunub. Mübahisələrin xüsusi sahələrdə ixtisaslaşmış arbitrlər tərəfindən araşdırılması, tərəflərin arbitr seçimində müstəqilliyi, prosesin milli məhkəmələrə münasibətdə daha sürətli irəliləməsi arbitrajın üstün cəhətləridir. Ölkəmizdə güclü arbitraj təsisatı imkan verəcək ki, Azərbaycan bir çox beynəlxalq və regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğu kimi mübahisələrin alternativ həllində də əsas mərkəzlərdən biri kimi çıxış etsin”.

Seçilən
96
50
Mənbələr
Şərh ()
Bağla