AZ

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Sədr:

Bakı, 25 aprel, AZƏRTAC

“Biz hüquqşünas kadrların hazırlanmasında ali təhsil müəssisələrinə kömək etməyə hazırıq".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

“Biz Vəkillər Kollegiyasının Akademiyasını təsis etmişik. Həmin Akademiyada kifayət qədər hüquq alimləri fəaliyyət göstərir. Akademiya hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola bilər”, - deyə o bildirib.

Sədr Vəkillər Kollegiyasının daim gənc hüquqşünaslara dəstək olduğunu qeyd edib: “Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır. Yay və qış hüquq məktəblərində 300-dən çox tələbə iştirak edir, yüzlərlə tələbə hər il vəkil qurumlarında təcrübə keçir, tələbələrə fərdi təqaüdlər verilir və Hüquq fakültələrinin layihələrinə sponsorluq edilir, əməkdaşlıq memorandumları imzalanır və s. işlər görülür. Bütün bu tədbirlərin nəticəsində vəkillik gənc hüquqşünaslar arasında ən populyar peşəyə çevrilib”.

A.Bağırov əlavə edib ki, Vəkillər Kollegiyası gənc hüquqşünasların bütün müraciətlərinə müsbət cavab verir: “Bu, bizim siyasətimizdir. Vəkillər Kollegiyası tərəfindən gənc hüquqşünaslar üçün təhsil proqramları və təqaüdlər nəzərdə tutulub. Biz onları stimullaşdırmağa çalışırıq. Aydın məsələdir ki, gənc hüquqşünasların gələcəkdə vəkil olması, onlarda vəkilliyə maraq yaratmaq əsas istəyimizdir. Biz gənclərin gələcəkdə vəkillik peşəsini seçməyini arzulayırıq”.

 

 

Seçilən
23
3
Mənbələr
Şərh ()
Bağla