AZ

“Xalq qələbələrimizdən ruhlanır, müxalifət isə kənarda göz yaşı tökür” - DEPUTAT DANIŞDI

“Bu gün Azərbaycan xalqı sevinc və qürur hisləri yaşayır. Bu da təsadüfi deyil. Çünki növbəti tarixi uğura imza atmışıq. Prezident İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət sayəsində bir güllə belə atılmadan Ermənistan tərəfi 30 ildən çoxdur işğal altında saxladığı Qazaxın 4 kəndini Azərbaycana geri qaytardı. Yaxın zamanlarda Qazaxın qalan 3 kəndi və Naxçıvanın Kərki kəndi Azərbaycana qaytarılacaq. Son üç il ərzində həm ərazi bütövlüyümüzü bərpa etmişik, həm suverenliyimiz tam təmin olunub, həm də işğal altında olan kəndlərimizi qan tökmədən geri alırıq. Bundan əlavə Rusiya sülhməramlıları vaxtından əvvəl Qarabağ torpağını tərk etdilər. Bütün bunlar sözün əsl mənasında tarixi hadisələrdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O vurğulayıb ki, ölkə başçısının müəllifi olduğu bu siyasəti xalqımız birmənalı şəkildə dəstəkləyir: “Belə bir vəziyyətdə özünü radikal müxalifətin siması kimi təqdim etməyə AXCP və onun funksionerləri 5 may mitinqindən danışırlar. Bu mitinqlə bağlı əsas şüarlarından biri də odur ki, sərbəst toplaşma azadlığı təmin edilsin. Ölkəmizdə bu azadlıq yoxdur? Əlbəttə ki var. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Ölkəmizdə bütün hüquq və azadlıqlar tam təmin edilib. Əhalimizin 80%-dən çoxu internet istifadəçisidirsə, bunu başqa necə qiymətləndirmək olar? Kim hansı mövqeyi ifadə etmək istəyirsə, edir. Kim nəyi yazmaq istəyirsə, yazır. Sərbəst toplaşmaq azadlığının olmaması ilə Azərbaycanı ittiham edənlər gözünün içinə qədər yalan danışırlar. Azərbaycan dövləti dəfələrlə müxalif siyasi qruplaşmalara bildirib ki, Bakının ən böyük rayonu olan Qaradağ rayonu ərazisində bu məqsəd üçün xüsusi yer ayrılıb. Həmin ərazidə istədikləri cür mitinq keçirə bilərlər. Bakının mərkəzində 5-6 km uzaq olan bir əraziyə getmək bu qədərmi çətindir? Onlar üçün çətin olan ora insanları toplaya bilməkdir. Öz qohum-əqrəbalarından və başlarını aldatdıqları bəzi gənclərdən başqa heç kimi apara bilməyəcəklər”.

Deputat qeyd edib ki, şəhərin mərkəzində onsuzda əhali sıxlığı var: “Bu sıxlıqdan istifadə edərək kənardan şəkil çəkmək istəyirlər ki, guya onların hamısə mitinqdə iştirak edir. Hesab edirəm ki, müxalifət bugünkü gündə özünə sual verməlidir ki, xalq niyə onları dəstəkləmir? Mən öz ehtimallarımı deyim. Çünki xalqın gözü tərəzidir. Xalq ona görə müxalifəti boykot edir ki, onlar xalqın sevincinə sevinə bilmirlər. Xalq tarixi qələbələrdən ruhlanır. Amma müxalifət kənarda qalıb göz yaşı tökür, Bakıda çaxnaşma yaratmaq, ölkəmizdə sabitliyi pozmaq istəyirlər. Arzuları isə hər zaman gözlərində qalacaq. Çünki xalq onlardan çoxdan imtina edib”.

Ləman Sərraf

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla