AZ

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Quba, 25 aprel, Elxan Yusifli, AZƏRTAC

Akademik Zərifə Əliyeva 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qubada görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunan tədbirdə səsləndirilib.

ADPU-nun Quba filialının və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə keçirilən "Zəriflik" adlı tədbirdə akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolundan, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələrindən danışılıb.

ADPU-nun Quba filialının direktoru Yusif Alıyev, Quba Tibb Kollecinin direktoru Mikayıl Mirzəliyev, Əməkdar mədəniyyət işçisi Elza Orucova çıxışlarında məhz Zərifə Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyi bildirilib.

Qeyd edilib ki, akademik Zərifə Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir. Onun oftalmologiya sahəsində yaratdığı elmi məktəbin yetirmələri bu gün Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla