AZ

Ermənistan Azərbaycandan təbii qaz almaq istəyir – İrəvan bu çağırışa cavab verir

“Rusiya qazı Ermənistana Azərbaycan üzərindən cəmi 20 gün gedib ki, bu da 2021-ci ilin mart ayında olub. O vaxt Rusiya-Gürcüstan magistral qaz kəmərli zədələnmişdi, ona görə də Rusiya qazı Azərbaycana daxil olaraq, buradan Qardabaniyə getmiş, oradan isə Ermənistana ötürülmüşdü. Bundan sonra belə bir fakt qeydə alınmayıb və cəmiyyətə bu barədə hər hansı bir informasiya açıqlanmayıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban deyib.


Mütəxəssis Ermənistan parlamentinin spikeri Alen Simonyanın İrəvanın Azərbaycan qaz almaq istəməsi ilə səsləndirdiyi fikirlərə toxunub.

İ. Şaban düşünür ki, Ermənistanın Azərbaycan qaz alması məsələsinə gəldikdə, çox güman ki, İrəvan administrasiyası bunu Azərbaycan Prezidentinin COP29 ilə bağlı ekspertlərlə görüşündə etdiyi çağırışa cavab olaraq səsləndirib:

“Bu amillər müsbətdir, çünki Prezident İlham Əliyev çağırış etmişdi ki, Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsini imzalasa, münasibətləri yaxşılaşdırsa, bu, hərtərəfli olaraq, həm region ölkələri, həm də Ermənistan üçün faydalıdır. Bunun bir nümunəsi kimi Azərbaycanın Gürcüstanla olan münasibətlərini göstərmişdi ki, Gürcüstan bundan necə faydalanır. Dövlət başçısı əlavə etmişdi ki, buna baxmayaraq, Gürcüstanla dövlət sərhədinin delimitasiyası tamamlanmayıb”.

Ekspertin sözlərinə görə, Prezident İrəvana mesaj göndərmişdi ki, əsas məsələ sərhədin müəyyənləşdirilib, ondan sonra sülh müqaviləsinin bağlanılmasında deyil.

“Əksinə, əsas məsələ sülh müqaviləsini imzalayıb ondan sonrakı proseslərdə iştirak etməkdir. Bu iştirak isə təkcə Zəngəzur dəhlizindən avtomobillərin hərəkət etməsi ilə məhdudlaşmır. Burada həm elektrik enerjisi, həm də qazın iki ölkə arasındakı ticarəti mümkündür”, – deyə o bildirib.

NAM sədri xatırladıb ki, Ermənistan ilk dəfə 12 fevral 1960-cı ildə Azərbaycandan qaz almağa başlayıb:

“Ermənilər SSRİ dağılana qədər – 32 il Azərbaycan qazının idxalçısı olub. Onlar gərək bunu unutmasınlar və bilsinlər ki, onların iqtisadiyyatı məhz Azərbaycanın enerji daşıyıcılarının hesabına baş verib. Sovet vaxtı Batumidə belə neftayırma zavodu olsa da, Ermənistanda bununla əlaqədar heç nə olmayıb. Ermənistanın elektrik enerjisi, qazı və yanacağı Azərbaycandan gedib ki, ermənilər bunu bilməlidirlər”.

Qeyd edək ki, Alen Simonyan söyləyib ki, Ermənistan Azərbaycandan təbii qaz alma məsələsini müzakirə etməyə hazırdır.

Rafi Müslümov

Seçilən
94
50
Mənbələr
Şərh ()
Bağla