AZ

Xavi Ernandes “Barselona”da qaldı - Rəsmi

“Barselona”nın baş məşqçisi Xavi Ernandes “blauqrana”nın çalışdırıcısı vəzifəsində qalacaq və fəaliyyətini davam etdirəcək.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən məlumat verir.

“Barselona”nın prezidenti Joan Laporta bu gün, cümə axşamı “Ciutat Esportiva Joan Gamper”də keçirdiyi mətbuat konfransında rəsmi açıqlama verib.

Buradaca Xavi yeni komanda qurmaqla bağlı həyəcanını və ümidini təsvir edib. Xavinin özü idarə heyətinin, idman sahəsinin, məşqçi qərargahının və oyunçuların ümidi, həvəsi və inamının onun qərarımda əsas amillər olduğunu, “Barselona”nın baş məşqçisi olaraq qalmasını istədiklərini bildirib.

Tamamilə bir “Barselona” adamı olan Xavi, yanvar ayında istefa verdiyini elan etdiyi qərardan daşınmaq və bunun əvəzinə bitməmiş və davam etdirilməli olan bir layihə ilə davam etmək qərarına gəlib… Vurğulanır ki, mütəxəssis burada bir neçə səbəbin olduğunu, amma əsas olanın, klubun sabitliyini təmin etmək və qalib komanda qurmağa davam etmək olduğunu vurğulayıb:

“Mənim ilkin qərarım o zaman düzgün idi, çünki istiqaməti dəyişmək gərək idi. Amma indi vəziyyət başqadır. Bu layihəni davam etdirmək üçün özümü kifayət qədər güclü hiss edirəm. Ola bilsin ki, bu mövsüm üçün qarşımıza qoyduğumuz kubok hədəflərinə çatmamışıq, amma növbəti mövsümə ümid var və məncə, böyük məqamlara nail olmağa çox yaxınıq.

Oyunçular mənə inanırlar və mənə həmrəyliklərini və dəstəklərini bildirdilər, məni fikrimi dəyişməyə inandırdılar. Azarkeşlər də məni ruhlandırdılar və bu da fikirlərimi yenidən qiymətləndirməyə səbəb oldu. Mən onlara dəstək və sevgilərinə görə təşəkkür edirəm”, deyə ispan mütəxəssis çıxışında bildirib.

Xavi işlərin sonda necə getməsindən nə qədər məmnun olduğunu və indi onu narahat edən məqamın “dünyadakı bütün həvəslə işləməyə davam etmək” olduğunu deyərək, çıxışını bitirib.

Xavinin “Barselona”dakı məşqçilik yolu

Xavi Ernandes “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. 44 yaşlı mütəxəssisin Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Barselona” Xavinin məşqçilik karyerasında ilk nəhəng komandadır. Buna qədər ispan mütəxəssis Qətərin “Əl-Sədd” komandasını çalışdırıb və komandasına Qətərin yerli əhəmiyyətli bütün qənimətlərini qazandırmağı bacarıb.

“Barselona” Xavinin rəhbərliyi altında ümumilikdə 136 oyun keçirib. “Blauqrana” bu oyunlarda 85 qələbə qazanıb, 23 heç-heçə edib və 28 məğlubiyyətə üzülüb. “Blauqrana”nın top fərqi isə 264:151 nisbətindədir.

Geridə qalmış 2022/2023 mövsümündə mütəxəssis “Barselona”ya İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazandırıb. Futbol ölçüləri ilə gənc sayıla biləcək mütəxəssisin 24 ili məhz “Barselona”da keçib. Xavi futbolçu kimi 17 il Kataloniya klubunun əsas komandasında çıxış edib.

Hazırda Xavinin “Barselona”sı İspaniya La Liqasının 32 turundan sonra 70 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. La Liqaya Kataloniya təmsilçisinin əzəli rəqibi, 81 xala malik Madrid “Real”ı başçılıq edir.

Cari mövsümdə Xavinin “Barselona”sı bütün yarışlarda mübarizəsinə xitam verib və La Liqanın “gümüş”ü hazırda “blauqrana”nın yeganə təsəllisidir ki, kollektiv bunun uğrunda hələ mübarizə aparmalıdır.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla