AZ

Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub-Elnur Əliyev

Bu gün Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev 25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbirdə bildirib.

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Hamımızın çoxdandır arzuladığımız belə bir önəmli dövrdə qarşımızda duran ən ümdə vəzifə isə təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və iqtisadi reinteqrasiyasıdır. Qarşıdakı dövrdə əsas fəaliyyətimiz azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyası ilə yanaşı, ümumilikdə özəl sektorun dayanıqlığının artırılması, rəqəmsallaşma, insan kapitalının inkişafı, “yaşıl” və innovativ transformasiya istiqamətlərində olacaq", - deyə o qeyd edib.

"2024-cü il “yaşıl iqtisadiyyat”a transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır. Bu il Azərbaycan COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək. Eyni zamanda, ölkə Prezidenti 2024-cü ili “Yaşıl Dünya naminə həmrəylik ili” elan edib. Əvvəlki təcrübələr də göstərir ki, COP kimi genişmiqyaslı tədbirin uğurla keçirilməsi üçün cəmiyyətin bütün üzvlərinin, xüsusilə sahibkarların fəal iştirakı zəruridir. Bu, ölkəmizin imicinin daha da yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin rəqabət qabiliyyətinin artırılması və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir", - deyə nazir müavini vurğulayıb.

"Qarşıya qoyulmuş hədəflərə nail olunmasında özəl sektordan gözləntilərimiz böyükdür. Sahibkarlarımız daha fəal təşəbbüskarlıq göstərməklə yanaşı, fəaliyyətini dövlətin artan dəstəyi fonunda korporativ məsuliyyət prinsiplərinə uyğun qurmalı, intizamlılığa daim sadiq qalmalıdırlar. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcək islahatlar, ardıcıl tədbirlər sayəsində Azərbaycanda iqtisadi artım meyilləri daha da intensivləşəcək", - deyə E.Əliyev əlavə edib.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla