AZ

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın

Bakı, 25 aprel, AZƏRTAC

Bakının Suraxanı rayonundakı 154 nömrəli orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olması münasibətilə onun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə çoxsaylı qonaqlar, o cümlədən məktəbin direktoru Mahru Rəcəbova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Veteran Tankçılar İctimai Birliyini sədri Hacı Əzimov, Aqarunovun döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və məktəbin şagirdləri toplaşıb.

AZƏRTAC STMEGİ-nin saytına istinadla xəbər verir ki, tədbir qəhrəmanın abidəsi önünə gül qoyulması mərasimi ilə başlayıb. İştirakçılar Albert Aqarunovun xatirəsinə öz ehtiramlarını ifadə ediblər. Tədbiri açan Mahru Rəcəbova mərasimə toplaşanları salamlayıb, qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün görüşün mühümlüyünü vurğulayıb.

Milli Qəhrəmanın hərbi yoluna xüsusi diqqət ayrılıb. Bu mövzuda söhbət açan Hacı Əzimov Xankəndi, Daşaltı və Cəmilli istiqamətində döyüşlər zamanı Albertin şücaətindən, onun düşmənin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv etməsindən danışıb.

Xüsusilə qeyd olunub ki, Aqarunov 1992-ci il mayın 8-də Şuşa uğrunda döyüşlər zamanı snayper gülləsindən aldığı yaradan həlak olub. O, öz xidmətlərinə görə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülüb.

Tədbirdə, həmçinin Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin ailələrinə, eləcə də müharibə veteranlarına və əlillərinə göstərilən dövlət qayğısı vurğulanıb.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov həyatda olsaydı, bu gün onun 55 yaşı tamam olacaqdı.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla