AZ

Yeni qanun hazırlanır: Bu məhsulların qiyməti ucuzlaşacaq

Türkiyədən Azərbaycana gətirilən məhsullar ucuzlaşa bilər. Belə ki, Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq. Milli Məclisdə bununla bağlı sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq. Təsdiq olunduqdan sonra isə qüvvəyə minəcək. Beləliklə, sahibkar artıq 2 ölkədə deyil, 1 ölkədə vergi ödəyəcək. 

Nəticədə, Azərbaycan məhsullarının Türkiyə bazarında rəqabət qabiliyyəti də artacaq. Ümumilikdə 2 ölkə arasında iqtisadi-ticari əlaqələr daha da yaxşılaşacaq, investisiya qoyuluşları artacaq. Sahibkarlar üçün əlverişli ticari mühit yaradılacaq. Bu da sahibkarın vergi yükünü azaldır, şəffaflığı artırır, dövlətlərarası vergi orqanlarının əməkdaşlığının inkişafına şərait yaradır. Bəs görəsən bu Türkiyədən ölkəmizə idxal edilən məhsulların qiymətinə nə dərəcədə təsir edəcək? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, yeni qanun layihəsi qiymətlərin aşağı enməsinə səbəb ola bilər:

“Bundan öncə də iki ölkə arasında gömrük rüsumlarının qarşılıqlı azaldılması nəzərdə tutulurdu. Bu baxımdan əlbəttə ki, iki ölkə arasında ikiqat vergi tutmanın ləğvi məhsulların maya dəyərini və daşınma xərclərini də azaldacaq. Yeni qərar qiymətlərin aşağı enməsinə təsir edə bilər”.

Ekspert sözügedən dəyişikliyin “Trendyol”dan edilən sifarişlərə də təsir edəcəyini bildirib: 

“Digər tərəfdən, bizim məhsulların da Türkiyə bazarında rəqabətliyini artıracaq. Belə ki, bu həm də bizim Türkiyəyə ixrac etdiyimiz məhsulların qiymətlərinin daha ucuz başa gəlməsinə şərait yaradacaq. Həmçinin Türkiyədən ölkəmizə idxal olunan müəyyən məhsulların ucuzlaşmasına öz təsirlərini göstərəcək. “Trendyol” seqmentində isə aylıq minimal alış-veriş üçün nəzərdə tutulan 300 dollardan yuxarı sifarişlərə təsir edəcək”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla