AZ

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Türkiyənin

Ankara, 25 aprel, AZƏRTAC

Türkiyənin müdafiə-sənaye kompleksinin flaqmanlarından biri olan “ASELSAN” şirkəti məhsul ixracının həcmini bir milyard dollara çatdırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ahmet Akyol yerli mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, “ASELSAN” şirkətinin məhsulunun tədarük edildiyi dövlətlərin sayı 86-ya çatıb.

“Təkcə ötən il ərzində şirkətimiz dünyanın 30 ölkəsi ilə 601 milyon dollar məbləğində ixrac müqavilələri bağlayıb. 2023-cü ildə xaricə ilk dəfə olaraq “ASELSAN” məhsulları xəttinin 16 yeniliyi tədarük edilib”, – deyə Ahmet Akyol bildirib.

O qeyd edib ki, bu gün dünyada “ASELSAN”ın on altı nümayəndəliyi fəaliyyət göstərir.

“Şirkətimizin növbəti ofisini Çilidə açmağa hazırlaşırıq. Həmçinin Özbəkistanda və Omanda nümayəndəliklərin açılması imkanını müzakirə edirik. Gələcək planlar sırasında İndoneziyada və Nigeriyada ofislərin açılması var”, – deyə müdafiə şirkətinin rəhbəri bildirib. O əlavə edib ki, şirkətin şöbələrindən birinin fəaliyyəti NATO ilə əməkdaşlığın inkişafına yönəlib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla