AZ

Olimpiu Morutan uzun müddətə sıradan çıxdı

Türkiyə Kubokunun yarımfinal mərhələsinin “Beşiktaş”la ilk oyunu “Ankaragücü”nün yarımmüdafiəçisi Olimpiu Morutan üçün uğursuz alınıb.

Arena.az xəbər verir ki, Rumıniyadan olan 25 yaşlı sağ cinah vingerinin axilles vətəri qopub.

Ankarada keçirilən və 0:0 hesabı ilə bitən matçın 83-cü dəqiqəsində zədələnən Morutan matçı davam etdirə bilməyib. Bu üzdən də o, əvəzlənib. Paytaxt klubu sosial media hesabında futbolçunun zədəsi ilə bağlı məlumat verib. Klub Morutanın axilles vətərinin qopduğunu və futbolçunun əməliyyat olunacağını açıqlayıb.

Türkiyə mətbuatının yazdığına görə, Morutanın ən azı 7-8 ay yaşıl meydanlardan uzaq qalması gözlənilir.

Qeyd edək ki, Olimpiu Morutan “Ankaragücü” klubuna bu mövsümün əvvəlində, 2023-cü ilin avqust ayında Türkiyə nəhəngi “Qalatasaray”dan gəlib. Hücumameyilli yarımmüdafiəçi bu komandanın heyətində cari mövsümdə 37 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı futbolçunun Ankara təmsilçisi ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

Morutan daha öncə “Qalatasaray”, “Styaua”, “Piza”, “Botoşani” və “Universitatea Kluj” klublarının da formasını geyinib.

O, Rumıniya yığmasında 15 oyuna çıxıb, 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Bahar Rüstəmzadə

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla