AZ

“Türk ölkə başçılarının işğaldan azad olunmuş ərazilərə səfərləri artıq ənənəvi hal alıb” - SHAM sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Bundan əvvəl Azərbaycana səfər etmiş bəzi dövlət başçılarının da işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunub.

Bu cür səfərlərin əhəmiyyəti nədir? Həmçinin, bu səfərlərin təşkilində məqsəd nədir?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Herbiand.az-a bildirib ki, ikinci Qarabağ müharibəsinə qədər həmin ərazilər düşmənin işğalı altında idi:

“Amma Ermənistan həmin işğal etdiyi əraziləri beynəlxalq səviyyədə tanıtdırmaq üçün əlindən gələni etsə də, həmin ərazilərə nəinki bir dövlət başçısı, hətta yüksək dövlət rəsmisini belə gətirə bilmədi. Çünki həmin ərazilər Azərbaycana aid idi və bunu onların gətirmək istədikləri dövlətlərin rəhbərləri də qəbul edirdilər. Amma biz həmin əraziləri işğaldan azad etdikdən təxminən üç ildən artıq bir müddət ərzində Azərbaycana rəsmi səfər edən dövlət başçılarının Şuşaya, Füzuliyə, Ağdama baş çəkməsi artıq ənənə halını alıb. Türkiyə dövlətinin rəhbəri prezident Rəcəb Tayyib Ərdoğan üç dəfə işğaldan azad edilmiş ərazilərə gedib. Bir dəfə NATO-nun sammitindən birbaşa Şuşaya səfər edən Rəcəb Tayyib Ərdoğan orada prezident İlham Əliyevlə 2021-ci ilin iyun ayında Şuşa Bəyannaməsini imzaladı. Daha sonra prezident Ərdoğan Qarabağın hava qapısı olan Füzuli hava limanının istifadəyə açılışı zamanı, daha sonra Zəngilan hava limanının açılışı zamanı, yəni ümumilikdə üç dəfə səfər edib. Ondan sonra Özbəkistan prezidenti Şafkat Mirziyoyev işğaldan azad edilmiş ərazilərə səfər edib və orta məktəbin istifadəyə verilməsi ilə bağlı prosesdə iştirak edib. Hansı ki, həmin orta məktəbi Özbəkistan dövləti öz hesabına inşa etmişdi. Bu da çox ciddi rəmzi məna daşıyır. Şafkat Mirziyoyevdən sonra Qazaxıstan prezidenti Kasım-Jomart  Tokayev də işğaldan azad edilmiş Füzuliyə, Şuşaya və digər ərazilərə səfər etdi. Eyni zamanda, Tokayev də uşaq mədəniyyət mərkəzinin açılışında iştirak etdi. Həmin mərkəzi Qazaxıstan dövləti öz hesabına inşa etdirmişdi”.

Xəyal Bəşirovun sözlərinə görə, bütün bu səfərlərin edilməsi, eyni zamanda orada qeyd edilmiş tikililərin istifadəyə verilməsi Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərinin beynəlxalq səviyyədə tanıtdırılması, Azərbaycanın formalaşdırdığı yeni reallıqların qəbul edilməsi baxımından çox önəmli rəmzi məna daşıyan proseslərdir:

“Eyni zamanda qeyd etdiyimiz kimi, Qırğızıstan prezidenti Sadır Japarov da prezident İlham Əliyevlə işğaldan azad edilmiş ərazilərə səfər edib. Ağdamın Xıdırlı kəndində Qırğızıstan dövlətinin hesabına inşa olunacaq orta məktəbin əsası qoyulub. İşğaldan azad edilmiş ərazilərə Qırğızıstan prezidentinin səfəri artıq 4-cü xarici ölkə başçısının həmin ərazilərə səfər etməsi deməkdir. Bu proses artıq ənənəvi hal alıb. Mən düşünürəm ki, bu, Azərbaycanın Cənubi Qafqazdakı tarixi ədaləti bərpa etməsinin beynəlxalq səviyyədə tanıtdırılması və qəbul edilməsi baxımından çox önəmli hadisədir. Düşünürəm ki, bu proses davam edəcək. Çünki bizim bu istiqamətdə yürütdüyümüz siyasətin bir hədəfi var. Bu siyasət məntiqi ardıcıllıqla davam etdirilir. Hesab edirəm ki, bundan sonra da Azərbaycana səfər edəcək həm Türk Dövlətləri Təşkilatına aid olan ölkələrin rəhbərləri, həm də digər ölkələrin rəhbərləri də işğaldan azad olunmuş ərazilərə səfərlərdə iştirak edəcəklər. Bu, təkcə dövlət başçıları səviyyəsində həyata keçirilmir. Azərbaycan Prezidentinin təşkilatçılığı və təşəbbüsü ilə yay aylarında Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Bu da çox önəmli hadisədir. Eyni zamanda, biz nəzərə almalıyıq ki, noyabr ayında COP29 tədbiri gözlənilir. COP29 tədbiri dünyada ən önəmli hadisələrdən biridir. Həmin tədbir çərçivəsində Azərbaycana səfər edəcək dövlət və hökumət başçıları, digər nüfuzlu şəxslər, rəsmi səlahiyyətli şəxslər bu prosesin şahidi olacaqlar. Eyni zamanda, onlardan böyük ehtimal işğaldan azad olunmuş ərazilərə səfər edənlər də olacaq. COP29 tədbirinin və orada iştirak edəcək insanların sayının çoxluğunu nəzərə alsaq, səfər baş tutsa yəqin ki, müəyyən proqram daxilində olacaq”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri qeyd edib ki, ümumiyyətlə, İkinci Qarabağ müharibəsi baş verdikdən sonra Cənubi Qafqazda formalaşmış yeniliklər və bu yeniliklərin qəbul edilməsi baxımından belə səfərlərin təşkil edilməsi çox önəmlidir:

“Eyni zamanda, Azərbaycanla əlaqələrin qurulması, qarşılıqlı dövlət və işgüzar rəsmi səfərlərinin təşkil edilməsi, Azərbaycana dövlət və hökumət başçılarının və digər rəsmi şəxslərin səfərlər təşkil etməsi, eynilə Prezident İlham Əliyevin xarici ölkələrə səfər trafikinin intensivləşməsi öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun inkişaf etdirilməsi baxımından bizim üçün çox ciddi əhəmiyyət kəsb edir. Bu prosesin həm ölkə daxilində, həm də eyni zamanda qarşılıqlı ölkələr arasındakı münasibətlər baxımından önəmi bizim dövlətimiz üçün əhəmiyyətli olduğu qədər də bizimlə əməkdaşlıq etməkdə maraqlı olan ayrı-ayrı dövlətlərin, təşkilatların rəhbərlərinin də maraqlarına xidmət edir. Məhz ona görədir ki, belə qarşılıqlı prosesin şahidi oluruq”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla