AZ

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəflə boşanandan sonra əldə edə biləcəyi qazancları nəzərə alaraq ailə həyatı qururlar. Nəticədə də, aliment və ya digər mülklərlə bağlı qazanclı çıxanlar da olur.

 

Hazırkı evliliklərin planlı olması istiqamətində iddialar nə qədər reallığa uyğundur? Bu hallar boşanmaların sayına təsir edən də bu faktor ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, son zamanlar artan boşanmaların səbəbləri fərqli yönlərə çəkilir:

 

“Məsələn, hansısa məqsədlərlə ailə qurub boşanan şəxslərlə bağlı məlumatlar buna nümunədir. Amma boşanmaların niyə artdığı ilə bağlı doğru, düzgün səbəbləri hələ tapmamışıq. Biz deyirik ki, evlənmədən öncə psixoloji müayinə olunun, lakin bunu heç kim etmir. Dövlət də, insanlar da bu məsələdə könüllü deyil. Boşananda isə dövlət tərəflərin barışması üçün psixoloq təklif edir. Hər bir insan boşanmadan öncə niyə ailə qurduğunu, niyə nikahını pozduğunu düşünməli, bu sualları özünə verməlidir. Bəzən səbəb kimi maddi imkanların zəif olması, işsizlik göstərilir. Amma bu, belə deyil. Sən əvvəldən bilmirdin ki, bu insanın maddi gücü necədir? İkinci tərəfdən, evliliyin müddəti çox qısalıb. İnsanlar 6, 8 ay sonra boşanırlar. Əvvəllər isə evlilik müddəti ən azı bir neçə il çəkə bilirdi. İndi ailə quran kimi övlad dünyaya gəlir, həmin uşaqlar sonra atasız və ya anasız böyüyürlər. Bizim xanımların çoxu da ataya övladını görməyə icazə vermir. Hətta yaxınlaşmağa belə qadağa qoyurlar”.

 

Müsahibimiz bu gün bəzi insanların hansısa məqsədlər üçün ailə həyatı qurduğunu bildirib:

 

“Məntiq evliliyi adı ilə qoca, ataları, babaları yaşında kişilərlə ailə qururlar. “Mənim gələcəyim sığortalansın”, deyirlər. Amma bu, belə deyil. Çünki bir neçə ildən sonra sənin təlabatınla qarşı tərəfin tələbatı üst-üstə düşə bilmir və öz həyat yoldaşına xəyanət edə bilirsən. Müəyyən yaşdan sonra bu proseslər artıq bioloji olaraq özünü göstərməyə başlayır. Kimlərsə hansısa hadisələri ört-basdır etmək məqsədilə də evlənə bilir. Amma bu, istisna haldır. Belə hallar daha çox məşhur insanlara xasdır. Çünki sıradan adam qeyri-qanuni vətəndaş nikahından uşaq dünyaya gətiribsə, onu “uşağın atası kimdir” deyə kimsə sorğuya tuta bilməz. Lakin məşhur insan hamilədirsə, övladı olacaqsa, evləməyə məcburdur. Əks halda, ətrafı, yaxınları onu sıxışdırmağa başlayacaq. Düşünmürəm ki, məqsədli evliliklər boşanmaların sayına təsir edən faktordur. Bu, çox cüzi qismdir. Hər bir halda, insanlar sevdiyi üçün ailə qursalar, daha yaxşıdır. Evlənəndə var-dövlət, pul düşünməsinlər. İnsanla qurulan dostluq, səmimiyyət qalıcıdır, nəinki, maddiyyat...”.

 

Digər müsahibimiz sosioloq Lalə Mehralı deyib ki, əslində hamının ətrafında buna bənzər nümunələr var:

 

“Məqsədli yola çıxıb yarı yolda dayananlar var. Ümumiyyətlə, təmənnalı bütün münasibətlər belədir. Üstəlik ailə kimi müqəddəs müəssisəni quranda təmənna güdürsənsə, təbii ki, alınmayacaq, nəsə yolunda getməyəcək. Bəzi xanımlar qarşı tərəfin ala biləcəyi qızıl-zinət əşyalarına görə ailə qurur və bir neçə aydan sonra boşanır. Çünki qızıl-zinət əşyalarını bəy tərəf alsa belə, hədiyyə olduğuna görə məhkəmə qadına verir. Bəzən elə qarşılıqlı anlaşma olur – toydan yığılacaq pulları bölüşdürürlər. Bəzən hər hansı fərqli bir təmənnaya görə evliliklər qurulur. Birinin xəbəri olur, digərinin yox. Yaxud iki tərəf də bir-birindən xəbərsiz plan qururlar və yarı yolda məqsədlər bəlli olur”.

 

L.Mehralı qeyd edib ki, istənilən bütün hallarda təmənna ilə çıxılan yolda arzuladıqlarına müvəffəq olmayacaqlar:

 

“Üç dəfə toy edib, qonaq çağırıb və pul yığan insanlar var. Təsəvvür edin, evlənir boşanır, növbəti dəfə yenə eyni şey və hər dəfə də çalğı ilə restoranda, 200-300 nəfər dəvət etməklə toy mərasimi təşkil edir. Bu cür insanlar digərlərinin hesabına öz güzəranını yaxşılaşdırmaqla məşğuldurlar. Artıq biz də bu cür xisləti olan şəxsləri tanımağa başlamışıq və kimin nə üçün evləndiyini az da olsa, başa düşürük. Əsl ailə həyatı qurmaq niyyəti olan insanlarla təmənna güdərək toy edən insanların fərqini ayırd edə bilirik. Ona görə də hesab edirəm ki, bəzi boşanma halları məhkəmədə nəzərə alınmalıdır. Məsələn, evlənir, boşanır və 2 ay keçməmiş yenidən ailə qurur. Yəni yenidən nikahın qeydə alınması bu qədər asan olmamalıdır. Bu insanlar statistik göstəriciləri artırmaqdan başqa heç nəyə xidmət etmirlər”.

 

Günay

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla