AZ

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

Qazaxıstan

Ankara, 25 aprel, AZƏRTAC

İlin sonuna qədər Qazaxıstanda türk dövlətlərinin işçi qruplarının görüşü keçiriləcək. Bu tədbirdə birgə peykin buraxılması layihəsinin razılaşdırılması üzrə ətraflı iş aparılacaq.

Bu barədə AZƏRTAC-la söhbətdə Ankarada keçirilən Beynəlxalq Kosmik Texnologiyaları Konfransında (STC) Qazaxıstan nümayəndə heyətini təmsil edən “Ghalam” MMC-nin baş direktoru Kayırjan Kojayev bildirib.

“Bir gün öncə, Ankarada müzakirələr zamanı türk dövlətlərinin kosmik agentliklərinin nümayəndələri mühüm razılaşmalar əldə ediblər və onların arasında müsbət münasibətlər var. Düşünürəm ki, artıq iyun ayının sonuna qədər ölkələr arasında müvafiq razılaşmalara nail olunacaq. Nəticə bütün TDT ölkələrinin əməkdaşlığından asılıdır”, – deyə o qeyd edib.

Kojayev müasir dünyada kosmik texnologiyalardan müxtəlif sahələrdə, o cümlədən təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılması və onların qarşısının alınması üçün istifadənin əhəmiyyətini qeyd edib.

“Kosmik aparatlar ekoloji proseslərin proqnozlaşdırılması və təhlilində köməklik edir. Bu, biznes məsələsi deyil, ümummilli prioritetdir. Yalnız əməkdaşlıq edərək və məlumat mübadiləsi apararaq, biz yanğınlar və daşqınlar kimi ekoloji problemlərlə uğurla mübarizə edə bilərik”, – deyə Kayırjan Kojayev vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla