AZ

“COP 29 sessiyası bütün gözdənsalma kampaniyalarının süqutu deməkdir“ - ŞƏRH EDİLDİ

"2024-cü ilin noyabrında beynəlxalq əhəmiyyətli COP 29 sammiti Bakıda keçiriləcək. Beynəlxalq tədbirlərin Bakıda keçirilməsi hər nə qədər adi hal səciyyəsi alsa da, COP 29, yəni BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçiriləcək olması təbii ki özünün əhəmiyyəti, mümkün nəticələri, eyni zamanda məsuliyyəti baxımından digər mötəbər tədbirlərdən fərqləndirilməlidir. Təkcə onu demək kifayət edər ki, sessiya müddətində Bakı on minlərlə turist qarşılayacaq və 2024-cü il üçün ölkəmizin turizm potensialı bu konteksdən zənginləşəcək". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, 1995-ci ildən etibarən hər il keçirilən COP sessiyalarının tarixində 2015-ci ildə Parisdə keçirilən 21-ci sessiyanı xüsusilə fərqləndirmək lazımdır: "Çünki, sessiya çərçivəsində qəbul edilən Paris müqaviləsi ilk beynəlxalq iqlim müqaviləsi olaraq bilinir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası da Paris sazişinə qoşulan dövlətlərdən biridir.

Xüsusi olaraq qeyd etmək istərdim ki, Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ölkəmizin prioritet maraqları ilə üst-üstə düşür. Çünki, Azərbaycan hər nə qədər karbohidrogen ehtiyatları ilə zəngin dövlət olsa da və bütün dünyada neft-qaz ölkəsi olaraq tanınsa da, xüsusilə də cənab Prezident İlham Əliyevin enerji strategiyasında alternativ mənbələr və yaşıl enerji amili ölkə gündəmimiz üçün daha qabaqcıl əhəmiyyətə malikdir. Azərbaycan Respublikası hazırda yaşıl enerji növlərinin yaradılmasını və dünya bazarlarına nəqlinin həyata keçirilməsini özünün milli enerji strategiyasının gələcək illər üçün prioritetləşməkdə olan parçası olaraq dəyərləndirir. Bunun üçün ölkəmizdə kifayət qədər geniş potensial və həyata keçirmək üçün siyasi iradə var. Cənab Prezident yaşıl enerji amilinə dəfələrlə vurğu edərək, əslində bütün dünyaya bu mesajı da verməyə çalışır ki, Azərbaycan sadəcə neft-qaz yox, yaşıl enerji potensialı ilə də zəngin bir ölkədir və biz bu istiqamət üçün də qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa hazırıq".

Deputat sözlərinə davam edərək bildirib ki, Prezident cənab İlham Əliyevin Dubayda Tərəflər Konfransının 28-ci sessiyasında iştirakı, növbəti il üçün sessiyanın ölkəmizdə keçirilməsinə qərar verilməsi yaşıl enerji sahəsindəki addımlarımızın qlobal səviyyədə müsbət dəyərləndirilməsi mənasına gəlməkdədir: "Bu artıq illərdir həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsidir. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan yaşıl enerji sahəsində bir çox dövlətlə əməkdaşlıq edir. Məsələn, 2022-ci ilin yanvarın 13-də Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. 2022-ci ilin martın 15-də “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə 4 anlaşma memorandumu imzalanıb. 2022-ci ilin dekabr ayında Azərbaycan Gürcüstan, Ruminiya və Macarıstanla yaşıl enerji sahəsində strateji əməkdaşlıq sazişi imzaladı. Azərbaycan işğaldan azad edilmiş ərazilərin də yaşıl enerji zonasına çevrilməsini hədəfləyir. Bununla bağlı müvafiq dövlət proqramı hətta beynəlxalq təcrübədən yararlanılmaqla icra edilməkdədir.

44 günlük müharibənin ardından Ermənistan və havadarları düşünürdülər ki, əsassız ittihamlarla ölkəmizin beynəlxalq nüfuzuna zərər vura biləcəklər. Lakin, COP 29 sessiyasının özü bütövlükdə bütün gözdənsalma kampaniyalarının süqutu deməkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyində ölkəmizin beynəlxalq nüfuzu hər keçən il güclənir və həm ev sahibliyi etdiyimiz tədbirlər, həm də fərqli regionlardan dostlarımızın çoxalması uğurlu dövlət siyasətimizin məhsuldarlığını özündə əks etdirir".

Ləman Sərraf

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla