AZ

"Azərbaycanın kifayət qədər müdrik, usta siyasətçi olan Prezidenti var" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Rusiyaya səfərinin özü siyasi, strateji baxımdan mühüm hadisədir. Səfərin məhz Rusiya sülhməramlı kontingenti Azərbaycanı birdəfəlik tərk etdiyi ilk günlərdə baş tutması da bu baxımdan diqqətdən yayınmır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Sirr deyil ki, dünyada, o cümlədən onun bir parçası olan Cənubi Qafqazda yeni siyasi reallıqlar meydana çıxıb. Bu kontekstdə təbii ki, müəyyən gərginliklər, həssaslıqlar var. Bu dönəmdə Qərbin məkrli dairələri istəyir ki, Cənubi Qafqazda öz maraqlarını təmin etsinlər, özlərinə sərf edən təhlükəsizlik sistemi qursunlar. Bu isə şübhəsiz ki, bölgəmizə heç də xoş niyyətdən irəli gəlmir, əksinə, region qarışa bilər.

Fakt bundan ibarətdir ki, regiona aidiyyəti olmayan güclər buradan Rusiyanı sıxışdırıb çıxarmaq və Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyini təhdid altında qoyaraq, özlərinə poliqon qazanmaq cəhdləri edirlər. Belə bir kifayət qədər gərgin və bölgənin gələcəyinin həll olunduğu vaxt region dövlətlərinin Rusiya ilə konfrontasiyaya getməsi ağılsızlıq olardı.

Rusiya nəhəng gücdür, Qərbin onu çökdürmək üçün həyat keçirdiyi qlobal oyunlar da faktiki nəticəsiz qaldı. Yəni bir daha aydın oldu ki, Rusiya kifayət qədər böyük gücdür və faktiki dünyanın idarəetməsi onsuz mümkün deyil. Bu nəhəng isə bizim qonşumuzdur. Azərbaycanın isə kifayət qədər müdrik, usta siyasətçi olan Prezidenti var. Onun həyata keçirdiyi xarici siyasətin nə qədər uğurlu olmasına hamı şahiddir. Bu kontekstdə Azərbaycan-Rusiya əlaqələri iki dövlətin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Yeni reallıqlar çərçivəsində həm siyasi, həm təhlükəsizlik baxımından bu, olduqca mühümdür. Aprelin 22-də Azərbaycan Prezidenti Rusiyada səfərdə olarkən bu yöndə mühüm açıqlamalar verdi.

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni xatırladan prezident dedi: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada - Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”.

Şübhəsiz ki, siyasi münasibətlərin, strateji və təhlükəsizlik baxımından əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin də genişlənməsinə müsbət təsirini göstərir. Əlbəttə, istər Çar Rusiyası, istər Sovet Rusiyası dövründə Azərbaycan imperialist siyasətin acılarını çox çəkib. Bunu həm də həmin dönəmlərdə Azərbaycanın bacarıqlı, praqmatik liderlərinin olmaması da şərtləndirib. Ancaq son 30 ildə həm Ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət tamamilə fərqli mənzərə yaradıb. Reallıqlar, hazırkı mənzərə onu diqtə edir ki, qonşumuzdakı nəhənglə daha sıx əməkdaşlıq, dostluq qurmaqla böyük nailiyyətlər əldə edə bilərik, nəinki onunla konfrantasiyaya getməklə.

Çox təəssüf ki, ölkədə bəzi dar düşüncəli radikal müxalif qüvvələr Rusiya ilə yaxınlaşmanın əleyhinə təbliğat aparırlar. Hansı ki, onların missioner Qərb dairələrinin əlaltılarıdır. Belə yanlış təbliğatla cəmiyyətdə fərqli fikirlər formalaşdırılması cəhdləri edirlər, ancaq bunlar əbəsdir. Belə təbliğat Azərbaycanın milli və dövlət maraqlarına hazırda qətiyyən uyğun deyil.

Azərbaycan tamamilə doğru xarici siyasət aparır: Qardaş Türkiyə ilə ən yüksək səviyyədə bərabər addımlayırıq, habelə Rusiya ilə də əməkdaşlığı müttəfiqlik səviyyəsinə aparırıq. Digər qütblərə, güclərə münasibətdə dövlətimizin başçısı bəyan edib ki, Azərbaycana təzyiqlər, təhdidlər mənasızdır, buna boyun əyməyəcəyik. Əgər kimsə Cənubi Qafqazda olmaq istəyirsə, regionun lider dövləti Azərbaycanla dostluq şəkildə əməkdaşlıq yolunu seçməlidir”.

Ayşən Vəli

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla