AZ

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Qazaxıstan

Bakı, 25 aprel, AZƏRTAC

Qazaxıstan nümayəndə heyətinin Əfqanıstana səfəri zamanı regional nəqliyyat imkanlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, danışıqların gedişində Qazaxıstan tərəfi transəfqan dəhlizinin inkişafı üzrə layihələrin həyata keçirilməsində, o cümlədən Termez - Məzari-Şərif – Kabil - Pişəvər və Herat - Qəndəhar – Spin-Buldak dəmir yollarının tikintisində iştirak etməyə hazır olduğu bildirib. Layihə region ölkələri arasında yüklərin çatdırılma müddətini təxminən 10 dəfə azaltmağa, eləcə də yükdaşıma xərclərini ixtisar etməyə imkan verəcək.

Son üç ildə Qazaxıstandan Əfqanıstana ixracat mütəmadi olaraq artmaqdadır. 2023-cü ildə dəmir yolu ilə daşımaların həcmi 2,7 milyon ton təşkil edib ki, onun da 1,5 milyon tonu un və taxıldır. Bu göstərici 2021-ci illə müqayisədə 14 faiz artıb. Növbəti illərdə ixracın 40 faiz artacağı, 2030-cu ilədək isə daşımaların üç dəfə çoxalacağı proqnozlaşdırılır.

Görüşdə, həmçinin iki ölkə arasında hava nəqliyyatının bərpası imkanları da müzakirə olunub.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla