AZ

Yunis Hüseynov “Neftçi”nin oyununu yarımçıq tərk edib: “Əsəbimdən baxa bilmədim”

“Zirə” “Qəbələ”yə heç bir şans vermədi. İlk oyunda da Rəşad Sadıqovun komandası layiqli qələbə qazanmışdı”.

Bunu İdman.bizə veteran futbolçu Yunis Hüseynov deyib.

Mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını dəyərləndirib. Onun sözlərinə görə, “Qəbələ” gözlənilən performansı nümayiş etdirə bilməyib: “Düşünürdüm ki, komanda sonuncu şanslarının olduğunu dərk edər. Evdə oynadıqları üçün özlərini yaxşı tərəfdən göstərə bilərlər”.

Hüseynov “Neftçi”nin “Qarabağ”a hər iki oyunda böyük hesabla məğlub olmasının ona pis təsir etdiyini deyib: “İlk oyunda “Neftçi”nin “Qarabağ”a böyükhesablı məğlubiyyətini stadiondan izləmişdim. Hətta oyunu əsəbimdən sona qədər baxa bilmədim və stadionu tərk etdim. Fikirlərimi bildirəndən sonra da qulağıma mənim “Neftçi”ni tənqid etdiyim çatdı. Yunis Hüseynov onların titul qazanmasını, çempion olmasını istəyir. Əvvəllər olduğu kimi, “ağ-qaralar” hər zaman çempionluğa oynamalıdır. “Neftçi”nin bu cür çıxışını görmək ömrünü bu klub üçün sərf edən bir insana çox pis təsir edir. Bu komanda belə olmamalıdır. Orda olan insanlar, futbolçular dərk etməlidir ki, hansı klubda oynayırlar. Ancaq əfsuslar olsun ki, dəfələrlə bu sözləri desək də, “köhnə hamam, köhnə tas” olaraq qalır. Alınar-alınar, alınmaz-alınmaz istəyi ilə meydana çıxırlar. “Qarabağ” da istədiyi kimi oyunu apardı və istədiyi zamanda qol vurdu. Baş məşqçidən tutmuş futbolçulara qədər heç biri “Neftçi”yə layiq deyil”.

Qeyd edək ki, Azərbaycan kubokunun finalında “Zirə” “Qarabağ”la oynayacaq.

Emin Ağa
İdman.biz

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla