AZ

AVRO-2024-ün mükafat fondu açıqlanıb - Komandalar nə qədər qazanacaqlar?

Almaniyanın ev sahibliyi edəcəyi 2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) başlamasına 50 gün qalıb.

BAKU.WS xəbər verir ki, iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək çempionat Münhendəki "Allianz Arena"da Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək açılış matçı ilə başlayacaq.

AVRO-2024-ə Almaniyanın Berlin, Köln, Münhen, Frankfurt, Hamburq, Dortmund, Leypsiq, Gelzenkirxen, Ştutqart və Düsseldorf şəhərləri ev sahibliyi edəcək.

İyunun 26-da qrup oyunlarına yekun vurulacaq turnirdə 1/8 final mərhələsinə iyunun 29-da start veriləcək. 1/4 finalın oyunları iyulun 5-6-da, yarımfinalın oyunları isə 9-10-da oynanılacaq.

AVRO-2024-ün çempionu iyulun 14-də Berlin Olimpiya Stadionunda keçiriləcək final oyunu ilə müəyyənləşəcək.

AVRO-2024-də ümumilikdə 24 komanda 6 qrupda mübarizə aparacaq.

AVRO-2024-də iştirak edəcək komandalara paylanacaq pul mükafatının məbləği AVRO-2020 ilə eyni səviyyədə, yəni ümumilikdə 331 milyon avro olacaq.

Turnirdə iştirak edən komandalar üçün pul mükafatlarının bölüşdürülməsi sistemi aşağıdakı kimidir:

İştirak: 9,25 milyon avro

Matç bonusu: qələbəyə görə 1 milyon avro, heç-heçəyə görə 500 min avro

1/8 finalda iştirak hüququ: 1,5 milyon avro

1/4 finala vəsiqə qazanmaq hüququ: 2,5 milyon avro

Yarımfinala yüksəlmək hüququ: 4 milyon avro

AVRO-2024 çempionuna 8 milyon avro əlavə ödəniş ediləcək. Çempion komanda qrupda keçirdiyi 3 oyunun hamısında qalib gəlsə, onun ala biləcəyi maksimum mükafat 28,25 milyon avro olacaq.

İkinci yerin sahibi 5 milyon avro əlavə ödəniş alacaq.

Xatırladaq ki, futbol üzrə Avropa çempionatının son çempionu İtaliya olub. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçirilən final matçında penaltilər seriyasında qalib gələn İtaliya 53 ildən sonra turnirdə ikinci çempionluğunu qazanıb.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla