AZ

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

Azərbaycan

Bakı, 25 aprel, AZƏRTAC

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə (IPC) müraciət edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında idmançının özü məlumat verib. O bildirib ki, S13 kateqoriyasında brass növü üzrə Azərbaycanı Olimpiadada təmsil edə bilər: “Artıq Milli Paralimpiya Komitəsi tərəfindən IPC-yə müraciət ünvanlanıb. Burada indiyədək beynəlxalq turnirlərdə qazandığım nəticələrə baxılacaq. Əldə etdiyim göstəricilərə əsasən, hazırda reytinqdə birinci yerdəyəm. İyun ayında Beynəlxalq Paralimpiya Komitəsi müraciətimizə cavab verəcək. Böyük ehtimalla “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirakım təsdiqlənəcək”.

Portuqaliyanın Madeyra şəhərində keçirilən Açıq Avropa çempionatında qızıl medal qazanmasına da toxunan para-üzgüçü hədəfinə çatdığını söyləyib: “Bu uğurumu “Paris-2024” Yay Paralimpiya Oyunlarında da davam etdirmək istəyirəm. Ölkəmə qızıl medalla qayıtmaq qürurvericidir”.

Qeyd edək ki, Vəli İsrafilov Tokio Paralimpiadasının qalibi, London Paralimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Seçilən
41
azertag.az

1Mənbələr