AZ

“Qəbələ” kubokdan da əlini üzdü - REPORTAJ

“Qəbələ”nin durumu hamıya bəllidi. “Qırmızı-qaralar”ın yeganə ümid yeri ölkə kuboku idi.

Əslində ilk oyunun hesabı elə də qorxunc deyildi. “Doğma divarlar” arasında oynayacaq “Qəbələ” bir topun əvəzini çıxa bilərdi.

Oyuna üstün başlayan “Zirə” artıq 2-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Rüstəm rəqibin cərimə meydançasına daxil olaraq zərbə vurdu, dirək ilə yanaşı, meydan sahiblərini də silkələdi. İlk dəqiqələrdən etibarən müdafiədə mövqe seçimində yol verilən səhlənkarlıq “qırmızı-qaralar”a baha-başa gələ bilərdi. Bir qədər sonra qapıçıyla təkbətək çıxan Bilel şansdan yararlana bilmədi və epizodun tamamında yan xətt hakiminin ofsayd bayrağı havaya qalxdı.

21-ci dəqiqədə “qartallar” növbəti dəfə qola yaxın oldu. Qismətin cərimə zərbəsindən qapı önünə ötürməsini Eldar dəyərləndirə bilmədi. Futbolçunun yüksələrək başla vurduğu zərbə qapı torunu üstdən tərpətdi. İrəliləyən dəqiqələrdə yenə də qonaqlar fəallığı ilə seçilir, Sxadadzenin yetirmələri isə xırda top itkiləriylə hücuma çıxmaq istədikdə də real qol vəziyyəti yarada bilmirdi. 33-cü dəqiqədə bölgə təmsilçisinin müdafiəsini çaş-baş salan Alıyev son anda topu Fuad üçün saxladı. Sol cinah müdafiəçisinin zərbəsi isə qapı önündə qələbəlik yaratmış müdafiəçilərdən Nicata dəyərək geri qayıtdı.

Dominantlıq, oyunun axarına nəzarət aşkar şəkildə Sadıqovun komandasında idi. “Qırmızı-qaralar”, sadəcə, rəqibin ötürmələr zamanı topu itirməsindən yararlanmağa çalışırdı. 59-cu dəqiqədə sükut pozuldu. Bu dəfə də standart vəziyyətdən sonra “qartallar”ın üzü güldü.

Künc zərbəsindən sonra təhlükəni uzaqlaşdırmağa çalışan “Qəbələ” futbolçuları bunu lazımi şəkildə yerinə yetirə bilmədi. Yenidən gəldiyi nöqtəyə qayıdan top yenə Qismət tərəfindən qapı önünə göndərildi. Burda Qırtımovla mübarizədən qalib ayrılan Kulaç topu başla tora qovuşdurdu - 0:1.

Vəziyyəti bir qədər də çətinləşən meydan sahibləri qalan dəqiqələrdə hər vəchlə qol vurmağa çalışsalar da, bacarmadılar. Onlar, sadəcə, uzaqdan zərbələrlə “çərçivə”ni yoxlamağa çalışdı. Ancaq ya zərbələr qeyri-dəqiq oldu, ya rəqib oyunçular sədd çəkdi, ya da qapıçı çıxışda səhvə yol vermədi. Sona yaxın qonaqlar daha bir qol vurdu. 84-cü dəqiqədə Utziq sabiq komandasını cəzalandırdı - 0:2. Bu qolda Rəşadın inamsız oyunu da gözdən yayınmadı. Amma bu görüşdə inamsız çıxışla yadda qalan təkcə qapıçı deyildi.

Beləliklə, cavab görüşü də qəsəbə təmsilçisinin qələbəsiylə yekunlaşdı. “Zirə” son üç ildə 2-ci dəfə ölkə kubokunun finalına yüksəldi. Və 2022-ci ildə olduğu kimi, yenə də rəqib “Qarabağ”dı.

Gözdən qaçmadı

* Həm “Qartallar”, həm də “Red-Black Army” azarkeş qrupu tribunalardakı yerlərini tutaraq komandasına dəstək oldu.
* Oyunun gedişi qəfil meydanı sulayan kranlar işə düşdü, bu üzdən hakim fasilə verməli oldu.
* “Qəbələ” azarkeşlərindən biri “Zirə” rəsmilərinin ikinci qoldan sonra sevinməsinə narazılığını bildirdi.

KAMAL SƏFƏR

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla