AZ

Atatürk liseyinin şagirdi azyaşlı qızlara qarşı əxlaqsızlıq etdiyinə görə bıçaqlanıb

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın İsrayıl Cəfərzadə 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü Sərkar Məmmədov (soyadlar şərtidir) Atatürk liseyinin 6-cı sinif şagirdi, 2012-ci il təvəllüdlü Ömər Əliyevi bıçaqlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, Ömər nadinc uşaqdır. Dəfələrlə onun məhəllədəki azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etdiyini görüb. Sərkar Ömərin onların məhəlləsinə gəlməsindən qəzəblənib və bıçaqla ona xəsarət yetirib. Daha sonra isə könüllü olaraq polisə təslim olub. Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, psixi xəstəliyi var və əvvəllər Maştağa qəsəbəsində yerləşən ruhi əsəb dispanserində müalicə alıb.

Şahidlər də məhkəmədə verdikləri ifadələrində Sərkarın Öməri bıçaqladığını təsdiqləyiblər.

Məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunub ki, təqsirləndirilən şəxsə “Paranoid Şizofreniya” diaqnozu qoyulub:

“O, cinayət əməlini törədən zaman paranoid şizofreniya xəstəliyindən əziyyət çəkib. Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir”, - deyə ekspertiza rəyində bildirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən Sərkar Məmmədov nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərar qəbul edilib.

Murad İbrahimli

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla