AZ

Paşinyanın istəkləri illüziyaya döndü: Baş nazir ümidlər bəslədiyi bu görüşdə yanıldı

“Növbəti mərhələlər isə həmin kəndlərin minalardan təmizlənməsindən və digər anklavların qaytarılmasından ibarətdir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycanla münasibətdə müsbət addımlarının sülh istiqamətində real addımlar sayılması ilə bağlı fikirlərini söyləyən politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla hərbi müstəvidə qarşı-qarşıya durmağın ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini bildiyi üçün sülh istiqamətində konstruktiv mövqe sərgiləyir.

“Bu isə regionda təhlükəsizliyin qorunması və davam etdirilməsi baxımından mühüm addımdır. Ancaq nəzərdən keçirilməli bir sıra məqamlar mövcuddur. Bunlardan biri də Paşinyanın böyük ümidlər bəslədiyi Brüssel görüşündə yanılmasıdır. O sanırdı ki, müdafiə, təhlükəsizlik və hərbi sahədə milyardlarla dollar yardım ediləcək, Azərbaycana qarşı qüvvələr balansının tənzimlənməsi üçün Ermənistana ən son tələblərə cavab verən silahlar veriləcək. Bu istəklər elə illüziya olaraq da qaldı”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bir nəfərin belə qanı tökülmədən dörd kənd işğaldan azad edildi:
“Növbəti mərhələlər isə həmin kəndlərin minalardan təmizlənməsindən və digər anklavların qaytarılmasından ibarətdir.

Kəndlərlə bağlı Ermənistanın atdığı addım sülh müqaviləsinin imzalanması prosesini bir az da sürətləndirdi. Kəndlərin qaytarılmasından sonra sülhün əldə olunması üçün lazım olan tək şey təkbətək, yəni vasitəçilər olmadan danışıqlardır”.

Nəsimi Ələsgərli

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla