AZ

“Avropa ictimai vətəndaş nikahı ilə bizimki arasında böyük fərq var” - Yazıçı-kulturoloq

Milli Məclisin iclasında deputat Fəzail Ağamalı deyib ki, “Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır. Amma Azərbaycanda isə getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”. 

Milli Məclisin sədri Sahibə Qafarova isə cavab olaraq bildirib ki, ölkədə vətəndaş nikahı qanunsuzdur: “Bunu hamı bilir ki, ölkədə bu nikah qanunsuzdur. Qadın da, kişi də vətəndaş nikahına girməli deyil”.

Nəyə görə ölkədə vətəndaş nikahına maraq artır? Vətəndaş nikahı Azərbaycanın adət-ənənələrinə nə dərəcədə yaxın və ya uzaqdır?

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov Herbiand.az-a bildirib ki, Azərbaycanda ictimai-siyasi sektorda fəallığı ilə seçilən şəxslərin bu və digər problemlə əlaqədar fikirləri hər zaman maraqla qarşılanıb və çox böyük sosial-ictimai müzakirələrə səbəb olub:

“Belə fikirlərdən biri də ictimai nikah, yaxud ictimai münasibətlərlə bağlı müxtəlif şəxslərin dönə-dönə təkrarladığı və yaxud yeni ideyalardır. Avropadan gəlmə olsa da, əslində Azərbaycanda ailə baxımından, yaxud iki fərdin modern ailə münasibətlərinə dəlalət edən ictimai vətəndaş münasibətləri hər zaman olub. İstər İslam Azərbaycana daxil olandan sonra dörd arvadlılıq konsepsiyası, istər sovet dövründə ailədən kənar münasibətlərə meyllilik müxtəlif vaxtlarda yazıçılarımızın əsərlərində də nümayiş etdirilib. İndinin özündə də Azərbaycanda bir, yaxud dörd həyat yoldaşı olmaq konsepsiyası ətrafında mübahisələr gedir. Əgər əvvəllər bu yalnız qadınlara şamil olunurdusa, yəni bir kişinin dörd həyat yoldaşı ola bilərsə, indi artıq əks proseslər də baş verir. Bəzi hallarda bir qadının iki və daha artıq ictimai münasibətə girdiyi, yaxud ər hesab etdiyi kişilərlə də rastlaşırıq. Amma müasir vətəndaş nikahı ilə bağlı müasir düşüncələr nədənsə Avropadan gəlmə hesab olunsa da, Azərbaycanda bir qədər yanlış improvizə edilir. Yəni, bu və digər dərəcədə həm Avropada, həm Azərbaycanda real nikaha girdiyin qadın ya kişidən başqa, həm də digər şəxslərlə indi və keçmişdə əxlaqsızlıq, məişət pozğunluğu sayılan intim münasibətləri vətəndaş nikahı adı altında bizə sırıyırlar. Amma unudurlar ki, Azərbaycanda vətəndaş və yaxud ictimai münasibətlər onsuz da olub. Bütövlükdə konsepsiya olaraq dünyada belədir. Vətəndaş nikahı rəsmi nikah bağlamadan və dini kəbin kəsmədən qurulan ailələrə deyilir. Avropada illər boyu insanlar hüquqi müstəvidə öz münasibətlərini rəsmiləşdirmirlər, hətta toy da etmirlər. Uşaq dünyaya gətirirlər, birgə onu böyüdürlər. Sonra özlərinin məsuliyyətini dərk edəndən sonra öz ailə münasibətlərini rəsmiləşdirirlər. Əvvəl dövlət orqanlarının iştirakı ilə rəsmi nikaha daxil olurlar, daha sonra dini nikah bağlayırlar. Gəlin Azərbaycana baxaq, bu münasibət varmı? Azərbaycanda üç-altı ay, bir il, hətta beş il bir qadınla yaşayan kişilər ondan rahatca ayrılır və ad qoyurlar ki, mən ictimai nikahda idim, heç sənədləşmə də aparmırlar”.

Yazıçı-kulturoloqun sözlərinə görə, Avropa ictimai vətəndaş nikahı ilə bizimki arasında böyük fərq var:

“Bizdə aliment, evi arvada verməmək qorxusundan və yaxud varlı bir qadına evlənib daha sonra münasibət alınmayanda boşanmadan gedib kənardan yeni bir qadınla münasibət yaradır və buna vətəndaş nikahı adı verirlər. Çox qəribədir ki, buna deputatlar da, ictimai xadimlər də, tanınmış adamlar da gedir. Bəlkə də bu insanların bir hissəsi bu cür münasibətlərdə olduqları üçün elə düşünürlər ki, vətəndaş nikahı da budur. Bizdə onun işartıları onsuz da olub. Məsələn, vaxtilə mentalitetimizdə vardı ki, bir-iki il nişanlanma mərasimi olurdu. O nişanlanma mərasimi əslində elə ictimai vətəndaş münasibətidir. Hətta mənim yadıma gəlir ki, sovet dövründə bir çox gənclər subyektiv və ya obyektiv səbəblərdən bir-iki il toy etmirdilər. Subyektiv səbəb bu idi ki, kiminsə atası və ya yaxınları vəfat edirdi. Obyektib səbəb bundan yaranırdı ki, xalqın düşüncəsinə görə gənclər bir-birini tanımaq üçün nişanlanlı qalırdılar, amma cinsi əlaqəyə girməyi qəti qadağan idi. Münasibətlər alınmayanda nişan pozulurdu. Amma nişanlanma dövründə bu, əslində ictimai vətəndaş nigahı sayıla bilərdi. Nişanı pozulmuş gənclərin hər hansı bir digər gənclərlə evlənməsi adi hal sayılırdı. Amma ərə gedib və bir müddətdən sonra tutaq ki, namus məsələsinə görə atasının evinə qayıdan qadın bir dəfəlik ya bədbəxt olur, ya da əxlaqsızlığa gedirdi. Həmin oğlana isə hər yerdə qız verirdilər. Nişanı pozulmuş şəxs rahatca ərə də gedə bilirdi və ya təzədən evlənə bilirdilər. Bu, ictimai nikahın bir forması idi”.

Prezident təqaüdçüsü qeyd edib ki, indi bizdə geniş yayılmış ictimai nikah növlərindən biri də dini kəbinlə evlənməkdir:

“Dini kəbin bu və digər dərəcədə insanları rahatlıqla ictimai vətəndaş nikahında olmağa kömək edir. Mən dəfələrlə təklif etmişəm ki, parlament zəhmət çəksin dini kəbini rəsmi nikahla bərabərləşdirən bir qanunvericilik aktını qəbul etsin ki, sabah dini kəbinlə evlənmiş ailələrin hüquqi müstəvidə, tutaq ki, aliment və ya birgə qazanılmış varidatın bölünməsi mübahisəsi olanda rəsmi nikahda olduğu kimi ictimai vətəndaş nikahının bir forması, ailə modeli olan dini nikah bağlanmış ailələrdə də eyni hüquq olsun. Baxın, bu fakt olsa da, amma çoxları bunu qəbul etmək istəmir. Parlamentdəki deputatlar tənbəllik edir və cəmiyyətdən gələn bu sifarişi yerinə yetirmək istəmirlər. Növbəti modern bir ailə münasibəti var. Bu da vətəndaş nigahının bir hissəsidir. Bu da gənclərin yaratmış olduğu ailə modelidir. Gənclər heç bir məsuliyyət daşımadan bir-biri ilə yaşayırlar. Əgər münasibətləri alınırsa, Avropada olduğu kimi bunu rəsmiləşdirirlər. Alınmırsa münasibətlərə son qoyurlar və çox adam da bilmir ki, bunlar nikaha giriblər, ya yox”.

Aydın Xan Əbilov vurğulayıb ki, Azərbaycan adət-ənənələrində vətəndaş nikahı ilə bağlı çoxlu misallar göstərmək olar:

“Bunun müsbət və mənfi tərəfləri də var. Mənfi tərəflərinin izahını verdik. Amma mental tərəfimizdən çox qəribə, bəlkə də əsaslandırılmış fikirlər də var. Məsələn, vətəndaş nikahında və yaxud kəbindən kənar doğulmuş uşaqların bic hesab edilməsi və onlar haqqında heç də yaxşı olmayan fikirlər vardı. Amma tariximizə baxanda müharibədə olan bir çox qəhrəmanlarımız, yaxud ictimai-siyasi sektorda xüsusi bacarıq nümayiş etdirən şəxslərin çoxu nikahdankənar kəbindən dünyaya gəlmiş və yaxud internatda valideynsiz böyümüş uşaqlardır. Yəni bu, mübahisəli məsələdir. İstənilən halda, həm dini, həm vətəndaş, həm də rəsmi nikaha girən şəxslər əgər özlərini xoşbəxt hesab edirlərsə, biz onları rahat buraxmalıyıq. Amma əlbəttə ki, Azərbaycanın Ailə Məcəlləsində nikah haqqında qanunvericilikdə dəyişikliklər olmalıdır. Vətəndaş nikahı, Avropa tipli ictimai sivil ailə münasibətləri, yeni ailə modelləri artıq qəbul edilməlidir. Çünki bu olmasa, nikaha girənlərin ən azı 65-70 faizinin boşandığının hələ bundan sonra da get-gedə artdığını görəcəyik”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
86
27
Mənbələr
Şərh ()
Bağla