AZ

“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”

“Deyilənə görə, sovet vaxtı həmin bazadakı raketlər Yaxın Şərq- İraq istiqamətinə yönəldilmişdi. İnşallah, Kərkini də azad edəndən sonra hər şey aydın olacaq...”
 
“Yadınızda, 44 günlük Vətən savaşından sonra Zabuxda Andranik adlı bir Suriyadan gəlmiş və özünü “kəndin meri” elan etmiş  boşboğaz bir erməni dığası tez-tez efirə, mediaya çıxıb çərənləyirdi ki, biz buradan çıxmayacağıq, bura bizim tarixi torpağımızdır. Hətta bir 60-70 yaşlı erməni arvadın çiyninə də avtomat silah keçirdib danışdırdılar ki, guya bu da kişilərlə bərabər Zabuxu Azərbaycan ordusundan müdafiə edəcək... Sonda nə oldu? Başda həmin Andranik olmaqla hamısı Zabuxu ikicə gündə tərk elədi. İndi, Qazaxın kəndləri də onun kimi... Hayklar hay-küy eləsələr də, yaxşı bilirlər ki, həmin torpaqlar Azərbaycan, türk torpaqlarıdır və Ermənistan o yerləri işğal edib. Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, bir qarış da olsun, Azərbaycan torpağı Ermənistanda qalmayacaq”.
 
Bunu Moderator.az-a açıqlamasında son günlər Qazax rayonunun Azərbaycana təhvil verilməli kəndləri ilə bağlı Ermənistanda baş qaldıran etirazlardan danışan tanınmış Qarabağ qazisi, keçmiş tabor komandir Azay Kərimov söyləyib.
 
Keçmiş döyüşçü Naxçıvanın işğal altındakı Kərki kəndinin  də qaytarılmalı olduğunu diqqətə çatdırıb.
“Qazaxın cəmi 7 kəndi kimi Kərki kəndini qaytarmalıdırlar... Mən 1995-1997-ci illərdə həmin kəndin yaxınlığındakı yüksəkliklərdə, təxminən Eyvazxan yüksəkliyi ərazisində  Milli Ordumuzun taborlarından birinə komandirlik etmişəm. O Kərki kəndi həmin dağın düz aşağısındadır. Yadımdadır ki, o kənddə cəmi 10-15 evdə ermənilər yaşayırdı, əsasən qoyunçuluqla məşğul idilər. Bu gün həmin ermənilər də deyir ki, biz buradan çıxmayacağıq. Necə çıxmayacaqsız? Siz özgəsinin tarixi torpağında, dədə-baba ocağında oturmusuz.... Çıxmayacaqsız zor  gücünə çıxaracağıq? Bütün anklav-filan kəndlərimizi bir-bir azad edəcəyik... Sadəcə olaraq biz insanlığımızı nümayiş etdirərək heç bir tərəfdən qan tökülməsini istəmirik”, - Qarabağ qazisi belə deyib.
 
“Yadımdadır ki, bir dəfə biz xidmətdə olanda erməni hərbçiləri gizlincə tunel qazaraq mövqelərimizi ələ keçirməyə çalışdılar. Lakin biz vaxtında duyuq düşərək onların tunellərini başlarına uçurduq... 
 
Yeri gəlmişkən, kəşfiyyat zamanı onu da müəyyən etmişdik ki, Kərkinin arxa tərəfindəki bomboz, çılpaq dağların ətəyində, Ermənistanın Naxçıvanla sərhəddən 1 km məsafədə yerləşən Xaçik kəndi yaxınlığında, yerin altında Rusiyanın- keçmiş SSRİ-nin gizli raket bazası yerləşirdi. Hazırda dəqiq məlumatım yoxdur – həmin baza oradan çıxarılıb, yoxsa yox.... O dağın başında cəmi bir neçə yerdə kiçik gözətçi məntəqələri, bir də dağın ətəyində zabitlərin yaşadığı bir beşmərtəbəli bina var idi. Bundan başqa qalan yerlərdə bir hərbçi, yaxud  bir texnika-filan görünmürdü. Yəni həm canlı qüvvə, həm də texnikalar yerin altında yerləşdirilirdi. Deyilənə görə, sovet vaxtı həmin bazadakı raketlər Yaxın Şərq- İraq istiqamətinə yönəldilmişdi. İnşallah, Kərkini də azad edəndən sonra hər şey aydın olacaq”, -deyə keçmiş tabor komandiri izah edib.
 
Sultan Laçın
 
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla