AZ

“Bu insanların mövsümi xəstəliklərə yoluxma riski daha azdır” - AYDINLIQ GƏTİRİLDİ

“Yaz aylarında çiçək tozundan xəstələnən insanlar əsasən polen allergiyasına tutulurlar. Belə xəstələrin gözlərində qaşınma, sulanma və qızarma baş verir. Belə xəstələr tez-tez asqırır, burunlarından su gəlir. Hətta qulaqda, damaqda və bədənin hava ilə təmasda olan hissələrində qaşıntılar olur. Belə xəstələrdə hətta bronxil-asma tutmalarına və digər ağır allergik hallara da rast gəlinir”. Bu sözləri SİA-ya danışan allerqoloq Aysel Mehdiyeva deyib.

Allerqoloq belə xəstəliklərdən qorunmağın yolları haqqında məlumat verib: “Belə xəstələr yaxşı olar ki, günün ikinci yarısında açıq havaya çıxsınlar. Yağışdan sonra açıq havada olsunlar. Yüksək mərtəbələrdə yaşayanlar üçün mövsümi xəstəliklərə yoluxma riski daha azdır. Çünki polenlər çox yüksəkliyə qalxa bilmirlər. Polen allergiyası ola insanlar yaz aylarında bayıra papaqla çıxsalar, daha yaxşı olar. Çünki başıaçıq gəzərkən polenlər saçlara yapışır və evə gələrkən də həmin insana əziyyət verməkdə davam edir. Belə insanlar çalışmalıdırlar ki, üst geyimlərini evə gətirməsinlər. Və evə girdikdən dərhal sonra duş qəbul etsinlər ki, polenlər daha tez məhv olsun”.

Aysel Mehdiyeva onu da qeyd edib ki, belə xəstələrin yaşıllığa və meyvələrə də allergik reaksiyaları olur: “Bəzi meyvələrdən istifadə edərkən ağızda qaşıntı, burunda tutulma və udqunmada çətinliklər meydana çıxır. Ona görə də belə xəstəliyi olan insanlar allergik meyvələrdən uzaq durmalıdır. Yaxşı olar ki, həkim məsləhətlərindən bəhrələnsinlər”.

Ləman Sərraf

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla