AZ

Ölkələr arasında körpülər qurmalıyıq

Hər bir beynəlxalq əhəmiyyətli tədbir həm ev sahibliyi edən, həm də iştirakçı ölkərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfransların keçirilməsi üçün ideal məkan kimi qəbul olunması bir daha sübut edir ki, ölkəmizin hər bir sahədə təcrübəsi nümunədir, öyrənilməsinə maraq günbəgün artır. Azərbaycan dayanıqlı inkişafın davamlılığını təmin etmək üçün hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır. Aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq konfrans bir daha bu reallıqlara işıq saldı.

Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji xəritəsini yenidən tərtib edir. Ümumilikdə Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə davamlı töhfələr verməsini şərtləndirir. Cənab İlham Əliyev forumda iştirakşıların “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən bu məqamlara xüsusi diqqət yönəltdi. Bildirdi ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz.” Dövlətimizin başçısı bildirdi ki, biz sərmayə qoymağa və tikintiyə başladıq. Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq: “Mən dəfələrlə demişəm ki, tranzit olmaq istəyən hər bir ölkə, - hazırda görürük ki, tranzit ölkə olmaq istəyənlərin sayı getdikcə artır, - ilk növbədə, ölkələr arasında körpülər qurmalıdır. Çünki bilavasitə qonşu və qonşunun qonşusu ilə yaxşı münasibət qurmasan, heç vaxt tranzit ölkə olmayacaqsan. Onlar səndən yan keçəcək, səndən qaçacaqlar. Beləliklə, bizim Xəzərin şərq sahilində yerləşən ölkələrlə, bir tərəfdən Mərkəzi Asiya ilə, digər tərəfdən isə Gürcüstan, Türkiyə və bir çox Avropa ölkələri ilə güclü əlaqələrimiz var. Rusiya və İranla Şimal-Cənub marşrutu üzrə, habelə Şərq-Qərb qovşağından və əlaqədən danışmağımızın səbəbi budur. Bu qonşulardan yalnız biri ilə problemimiz olsa, bu, işə yaramayacaq və həyatımızı yaxşılaşdıracaqmı? Əlbəttə, yox.”

Təbii ki, bu körpülərin qurulması üçün qarşılıqlı etimad mühitinin olması vacib şərtlərdən biridir. Hazırda Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması, ölkəmizlə əlaqələrin qurulmasında, yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olan dövlətlərin sayının artması diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizdən sonra bu əlaqələrin coğrafiyası daha da genişləndi. Azərbaycan daim ölkələr arasında sabitləşdirici, birləşdirici aktor kimi rolunu artırır. Təkcə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı vaxtlara diqqət yetirmək kifayətdir. Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirərək qlobal problemlərin həlli üçün qlobal tədbirlərin keçirilməsinə, səylərin birləşdirilməsinə çağırışlar etdi. Azərbaycanın koronovirus infeksiyasına qarşı mübarizə tədbirləri beynəlxalq səviyyədə təqdir edildi və öyrənilməsinin vacibliyi vurğulandı. Ölkəmizdə insanların sağlamlığının qorunması üçün zəruri addımların atılması ilə yanaşı, belə bir çağırış da səsləndirildi ki, iqtisadi islahatlar daha da dərinləşdirilməlidir, heç bir sosial layihə təxirə salınmayacaq.

Azərbaycanın bu gün beynəlxalq tədbirlərin, konfransların və forumların keçirilməsi üçün xüsusi diqqətdə olması həm sabitlik diyarı kimi nüfuz qazanması, həm də uğurlu və düşünülmüş siyasət nəticəsində hər bir məsələnin həllində zəngin təcrübəyə malik olması ilə sıx bağlıdır. Bu gün həm dünya ölkələrində, həm də Azərbaycanda iqlim dəyişmələri ilə bağlı narahatlıqlar var. Azərbaycan daim iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfələrini verir.  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayacaq. Cənab İlham Əliyev forumdakı çıxışında ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını qeyd edərək bu məqama xüsusi diqqət yönəltdi: “Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.”

Dövlətimizin başçısı iştirakçıların suallarını cavablandırarkən hazırkı dövrün əsas çağırışlarından olan iqtisadiyyatın şaxələndirilməsi məsələsindən də geniş bəhs etdi. Bildirdi ki, biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, çıxışımız da olmalıdır: “İqtisadiyyatımızın digər sahələrinə gəldikdə isə nəqliyyatla bağlı ümidlərimiz böyükdür. Artıq dediyim kimi, dəhlizlərin bu qovşağı böyük iqtisadi fəallıq yaradacaq. Həm də biz bu nəqliyyat marşrutlarını təkcə asanlaşdırma və tranzit kimi deyil, həm də marşrutda sənaye qurmaq imkanı hesab edirik. Ona görə də ümid edirik ki, bölgədən istehsalçılar gəlib bu layihələri həyata keçirəcəklər. Biz indi Ələtdə azad iqtisadi zonanın fəal inkişaf mərhələsindəyik, zonada artıq rezidentlər toplaşır. Beləliklə, biz iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq.”

Sənayenin inkişafı həyata keçirilən siyasətin əsas tərkib hissəsidir. O da məlumdur ki, Davos Ümumdünya İqtisadi Forumu Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzlərdən biri kimi Azərbaycanı seçib. Bu, ölkəmizin gördüyü işlərə və əldə olunan uğurlara verilən dəyərdir. Azərbaycan bərpaolunan enerji sahəsində də zəngin potensiala malikdir. 157 gigavat potensial yalnız dənizdə mövcuddur. Dövlətimizin başçısı İlham Əliyev iqtisadi imkanlarımızın təhlili əsasında belə bir çağırışı etdi ki, gələcəyin proqnozlaşdırıla biləcəyini düşünürəm.

Abil Ağasəfov,
​YAP Qəbələ rayon təşkilatının sədri

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla