AZ

Avropa tarixinin qara ləkəsi: qaraçı soyqırımı

Dünyanın ən azad xalqı olan qaraçıların taleyi, əslində, həsəd aparılası deyil. Çoxları bilmir ki, İkinci Dünya müharibəsi zamanı onlar da yəhudi xalqı kimi dəhşətli soyqırımına məruz qalıbar. Nasist Almaniyasında qaraçılara ikinci də yox, üçüncü sort insan kimi yanaşaraq, onları təhqiramiz dərəcədə lazımsız, hətta təhlükəli hesab ediblər.

Dünya müharibəsi başa çatdıqdan sonra İsrail dövləti yarandı. Yəhudilər başlarına gətirilən faciələrə görə Almaniyadan təzminat almağa başladılar. Faşizmdən əziyyət çəkən qaraçılara isə heç bir kompensasiya ödənmədi, çünki onların ?ətəni, məskunlaşdıqları konkret ərazi yox idi. Bundan başqa, qaraçılar soyqırımı barədə beynəlxalq məhkəməyə müraciət də etməyiblər.

Qaraçı dövləti olubmu?

Qaraçılar tarix boyu köçəri həyat sürüblər. Bununla belə tarixdə bir qaraçı feodunun, yəni vassallığının varlığına dair fakta da rast gəlinir.

Venesiya arxivlərindəki sənədlərə görə, Korfu adasında (indiki Yunanıstan ərazisi) 1375-ci ildən məlum olan “Feudum Acinganorum” - yəni, qaraçı feodu var idi. Venesiya respublikasının tabeçiliyindəki bu koloniya müəyyən daxili müstəqilliyi olan qaraçı icmalarından ibarət idi. Hətta o da məlumdur ki, hər bir icmanın öz məhkəməsi olub. Məhkəmə heyəti istənilən məsələyə dair hökm çıxarmaq səlahiyyətinə malik qaraçı baronlarından ibarət olub. Buraya ölüm hökmü də aid idi. Feod əhalisinin xeyli hissəsi sənətkarlıq və dəmirçiliklə məşğul olurdu.

“Qaraçı ölkəsi” adlandırılan Akinaqor feodu 19-cu əsrin əvvəllərinə qədər mövcudluğunu qoruyub. Venesiya respublikası süqut etdikdən sonra Korfu adası əvvəlcə Fransanın, daha sonra Rusiyanın tərkibinə keçib. Sonra isə tamamilə İngiltərənin hakimiyyəti altına düşüb.

SSRİ-nin baş tutmayan qaraçı planı

Çox sonralar, ötən əsrin 20-30-cu illərində sovet hakimiyyəti qaraçıları məskunlaşmağa təşviq etmək və onlara sosialist baxışları aşılamaq üçün bir sıra mühüm tədbirlər həyata keçirdi. Həmin dövrdə qaraçılar üçün kolxoz və sovxozlar təşkil edilmiş, onlara torpaq üstündə işləmək üçün kara gələn peşələr öyrədilmiş, qaraçılar dövlət hesabına evlə təmin olunmuşdular.

Əslində, sovet hökumətinin bu layihəsi qaraçılara gələcəkdə yaxşı perspektivlər vəd edirdi. Lakin onları  sadə sovet fəhləsinin, kəndlisinin həyatına uyğunlaşdırmaq cəhdləri uğursuzluqla nəticələndi. Bir sözlə, qaraçılar sovet sistemini başa düşmədilər və sosialist ola bilmədilər. Hərçənd sovet hakimiyyətinin onlar üçün həyata keçirdiyi bütün islahatları qəbul edir, təhsil alır, bəziləri hətta vicdanla işləməyə çalışırdılar. Bununla belə, əsrlər boyu formalaşmış ənənəvi həyat tərzi, milli mədəniyyət və vərdişlər asanlıqla unudulmur. Qaraçılar qədim adət-ənənələrini tərgitmək istəmirdilər. Buna görə də Sovet İttifaqının (ermənilərdən fərqli olaraq) qaraçıları konkret bir ərazidə məskunlaşdırmaq cəhdləri nəticə vermədi. Əvəzində Rusiya qaraçılarla qohumluğu olan ermənilərə tarixi Azərbaycan torpaqlarında dövlət yaratdı.

Faşistlərin törətdiyi qaraçı qırğınları

İkinci Dünya müharibəsi zamanı sovet hakimiyyəti qaraçıları bir etnik qrup kimi qoruyub saxlamağa, onlara “sovet xalqı” davranışlarını aşılamağa hələ də çalışırdı. Nasist Almaniyası isə tamamilə əks yolu - qaraçıların məhv edilməsini seçdi. Reyxsfürer Henrix Himmlerin fikrincə, qaraçılar “çoxalmaması gərəkən insanların” ən aşağı nümayəndələri idilər. 1936-cı ildə nasistlər rəsmi olaraq ölkədəki qaraçıları bütün vətəndaş hüquqlarından məhrum etdilər və onlara almanlarla evlənmək qadağası qoydular. Bütün bu tədbirlər sonra baş verəcəklərlə müqayisədə toya getməli idi.

Nasistlər qaraçıları bir irq kimi yer üzündən silmək qərarına gəldilər. Almaniya ərazisindəki bütün qaraçıları eynilə yəhudilər kimi toplayaraq xüsusi düşərgələrə yerləşdirdilər. 1938-ci ildə Himmlerin təşəbbüsü ilə qaraçılar kütləvi sterilizasiyaya məruz qaldılar. Növbəti addım qaraçıların fiziki məhvi, eləcə də sadist tibbi təcrübələr üçün hədəf seçilmələri oldu.

İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən öldürülmüş qaraçıların konkret sayı məlum deyil. Ümumi hesablamalara görə, onların sayı 200 mindən 1,5 milyon nəfərə qədər dəyişir.

Məsələ ondadır ki, yəhudi xalqının soyqırımı haqqında bütün dünya məlumatlı olduğu halda qaraçıların başına gətirilənlər dünya ictimaiyyəti tərəfindən görməzliyə vurulur. Bu bir faktdır ki, qaraçıların soyqırımını törədən nasistlər nəinki buna görə layiqli cəzalarını çəkmədilər, əksinə, ömürlərinin sonuna qədər uzun və firavan həyat sürdülər.

Uşaq qatili necə uşaq psixoloqu oldu? 

Nasistlərin qaraçılar üzərində apardıqları dəhşətli eksperimentlərdən biri belə olub: müharibə zamanı Gestapo nəzdində fəaliyyət göstərən Cinayət Biologiya İnstitutunun işçisi Eva Castin qaraçıların Avropa cəmiyyətinə assimilyasiyasının mümkünsüzlüyünü sübut etmək üçün bir əməliyyat həyata keçirir. Castin eksperimental subyektlər kimi uşaqlıqdan qaraçı mühitindən kənarda böyümüş 41 nəfər alman-qaraçı qarışığı olan yeniyetmə üzərində təcrübə aparır.

Eksperiment başa çatdıqda təcrübə siçanı kimi istifadə edilən uşaqlar Auşvits düşərgəsinə göndərilir və hamısı orada qətlə yetirilir. Eva Castinin özü isə bu eksperimenti ilə fəlsəfə doktoru dərəcəsi alır, ömrünün sonunadək Almaniyada uşaq psixoloqu kimi çalışır. Təsəvvür edirsinizmi? Bu da “ali irq”in yaxın keçmişi! Bu, onlarla, yüzlərlə məlum faktdan sadəcə biridir...

Almaniya qaraçı soyqırımına görə üzr istəməlidir

Ola bilsin, qaraçılar gec də olsa öz qatillərini  cəzalandırmaq, hansısa formada kompensasiya tələb etmək niyyətinə düşəcəklər. Lakin siyasi təşkilatlanma və ictimai təsisatlarının olmaması səbəbindən onlar beynəlxalq məhkəməyə müraciət edə, bu məsələ ilə bağlı şikayət və ya iddia irəli sürə bilmirlər. Hətta qaraçıların soyqırımı barədə beynəlxalq məhkəmə qərar çıxarsa belə, Almaniya dövlətindən alınacaq təzminat hansı ölkəyə göndəriləcək kimi sual da açıq qalır.

1971-ci ildə Londonda ilk Dünya Qaraçı Konqresi toplandı. 1990-cı ildə Polşada keçirilmiş IV Ümumdünya Qaraçı Konqresində nasist soyqırımı qurbanlarına və onların övladlarına təzminat ödənməsi məsələsi qaldırıldı və 2000-ci ildə Rusiya Federasiyasında yaşayan qaraçıların nümayəndələri V Konqresdə ilk dəfə iştirak etdilər.

2012-ci ildə Belqradda keçirilmiş VIII Qaraçı Konqresində gələcəkdə qaraçı milli dövlətinin yaradılmasına çalışılması qərara alındı. Konqres çərçivəsində qaraçıların beynəlxalq pasportunun nümunəsi və pul vahidi - lavoro qəbul edildi. Atribut olaraq Roma bayrağı və himni təklif olundu. Əlbəttə, bütün bunlar kifayət qədər dərin və mübahisəli məsələlərdir. Ardıcıl olaraq qaraçı konqreslərinin keçirilməsinə xüsusi maraq göstərən ölkə kimi Rusiyanın da bu məsələdə müxtəlif məqsədlərinin olması istisna deyil.

Lakin heç də hər şey plan üzrə getmədi. Həmin VIII Konqres zamanı parçalanma baş verdi. Yuxarıda qəbul edilən qərarlarla razılaşmayanlar da tapıldı. Nəticədə siyasi təkliflər qeyri-qanuni elan olundu və qaraçı dövləti yaratmaq ideyası iflasa uğradı.

Qaraçıların dövlət yaratmaq ideyasını qəbul etməmələri dünya üçün sirr olaraq qalır. Ola bilsin, bu xalq qədim ənənələrini, köçəri xalq kimi unikallığını itirməkdən,  “hamı kimi” olmaqdan çəkinir. Bütün hallarda bir həqiqəti etiraf etmək lazımdır: “qaraçı azadlığı” onlara heç də asan başa gəlmir...

Murad Köhnəqala

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla