AZ

"Elə bir şuşalı yoxdur ki, "mən Şuşaya dönməyəcəm" desin" - İcra başçısının müavini DANIŞDI

Gələn ay keçmiş məcburi köçkünlər Şuşa şəhərinə qayıtmağa başlayacaq. Yeni yaşayış massivində 370 ailə mənzillə təmin olunacaq. 2026-cı ilin sonuna qədər 110 yaşayış binası inşa edilməsi hədəfdədir. 

 

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, bunlar dörd, beş və ya altımərtəbəli binalar olacaq. "Bu da bizə təxminən 8000 nəfəri yerləşdirməyə imkan yaradacaq. Bütün bu binalar yeni istilik izolyasiya standartlarına uyğun olaraq tikiləcək. Nəticədə onların enerji səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq", - o deyib.

 

Məlumata görə, bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlanılıb.

 

"Bu işlər iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq. 2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”, - Aydın Kərimov deyib.

 

O qeyd edib ki, Şuşa Qarabağda elektrik avtobuslarının fəaliyyət göstərəcəyi ilk şəhər olacaq. Avtobuslar Belarusdan olan tərəfdaşlarla birgə Gəncədə istehsal olunur: “Şuşada artıq 4 belə avtobus var. Onlar elektrik enerjisi ilə çalışır və dağlıq landşaftda özlərini təsdiqləyib. Beləliklə, bu, şəhər ictimai nəqliyyat sistemindəki yeniliyimiz olacaq. Avtobuslar gələn aydan istifadəyə veriləcək”.

 

Şuşa rayonu icra başçısının müavini Vüsalə Fətəliyeva Modern.az-a açıqlamasında bildirib ki, Böyük Qayıdışı sevinc və ümidlə gözləyirlər.

 

"Şuşa özü insanı ora getməyə, ora tələsməyə çağırır. 30 ildir şuşalılar Şuşalarını gözləyirlər. Köçü də eyni sevinc, ümidlə gözləyirik. Bütün Şuşa sakinləri gözləyir ki, köçmək göstərişi verilsin. Ona görə də biz cənab Prezidentə, müzəffər ordumuza minnətdarıq. İgidlərimizi, şəhidlərimizi hər zaman hörmətlə anırıq. Allah hər zaman sülhümüzü bərqərar etsin. Ərazisi bərpa olunan, işğal altında olan ölkənin torpağı azadlığa qovuşursa, bundan böyük xoşbəxtlik olarmı? 


Şuşalılar evlərinə, ocaqlarına dönməyə hazırlaşırlar. İlk köç may ayında başlayacaq. May ayı üçün 173 nəfər nəzərdə tutulub. İkinci köç isə iyun ayında olacaq, 197 nəfər köçəcək. Şuşaya bütün Azərbaycan vətəndaşları gedib gəlir. Bizim orada  orada çalışan insanlarımız  var. Orada seçki prosesi baş tutdu. Sentyabr ayında Şuşada bizim məktəbin açılışı olacaq. Şəhərdə bərpa-quruculuq işləri diqqətlə aparılır".

Vüsalə Fətəliyeva qeyd edir ki, elə bir şuşalı yoxdur ki, "mən Şuşaya dönməyəcəm" desin:

 

"Hamı həsrətlə gözləyir. Hətta hamı birinci  getmək istəyir. İnsan vətənsiz özünə yer tapa bilmir. Əlbəttə, hər birimizin vətəni Azərbaycandır, ancaq hər kəsin öz evi, ocağı, doğulub boya-başa çatdığı çox yer ona əzizdir. Şuşada böyümüş sonra ondan ayrı qalmış insanlar Şuşanın müqəddəsliyini dərk edirlər. Ona görə də şuşalılar, Şuşada doğulmuş insanlar, 1992-ci ildə öz evindən erməni quldurları tərəfindən  çıxan bu insanlar bu gün özlərini  xoşbəxt sayırlar. Ancaq bu xoşbəxtliyi bizə bəxş edən ölkə başçısına minnətdar olacağıq. Ora getməmək mümkun deyil. İstər bir ay, istər 5 ay fərqlə hamımız bir nəfər kimi Şuşaya köçəcəyik. Hamı o günü gözləyir ki, evinə zəng gəlsin ki, köçürsən. Çünki bu illər ərzində o bizdən, biz də öz Şuşamızdan ötürü çox darıxmışıq”.

Seçilən
7
1
Mənbələr
Şərh ()
Bağla