AZ

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Bakı, 25 aprel, AZƏRTAC

"Qarabağ"a qarşı oynamaq hər zaman çətin olub. Rəqib futbolçular çox keyfiyyətli oyun nümayiş etdirirdilər".

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ"a 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Neftçi"nin müdafiəçisi Yuri Matias jurnalistlərə açıqlamasında deyib.

O, derbidəki məğlubiyyətə görə məyus olduğunu bildirib: "Azarkeşlərimizdən üzr istəyirəm. Onları prinsipial oyunda sevindirə bilmədik. Düşünürəm ki, meydanda əlimizdən gələni etdik. Sadəcə, bu, qələbə qazanmağımız üçün kifayət etmədi".

Y. Matias hələ oyundan əvvəl "Qarabağ"ın meydana əsas heyətlə çıxacağını təxmin etdiyini söyləyib: "Onlar "Neftçi"yə hörmətlə yanaşdılar. Bu da klubun tarixinə və adına görədir. Derbidə məğlub olmaq üzücüdür".

Onun sözlərinə görə, komanda stabil oyun nümayiş etdirsə, nəticələr ürəkaçan olar: "Hər oyunda eyni nəticəni əldə edə bilmirik. "Qarabağ" isə Avropada güclü komandalara qarşı mübarizə aparır və təcrübə yığır".

Braziliyalı müdafiəçi Rumıniya mətbuatında onun haqqında çıxan transfer xəbərlərinə də toxunub: "Daha əvvəl ÇFR-də çıxış etmişəm və bu komandada çempionluq yaşamışam. Son bir aydır Rumıniya mətbuatında mənim oraya qayıtmağım müzakirə mövzusudur. Hazırda "Neftçi"nin futbolçusuyam. Müsahibə zamanı səsləndirdiyim fikirlər səhv anlaşılıb. Mən “Bir gün yenidən oraya qayıtmaq istəyərəm” cavabını vermişəm. Bu sözlər hazırkı klubum üçün də keçərlidir. Azərbaycandan ayrıldıqdan sonra nə vaxtsa “Neftçi”dən təklif gəlsə, qəbul edərəm. Çünki bura mənim evimdir".

Komandanın matçlarını boykot edən fanatlar haqqında da danışan futbolçu bunun düzgün olmadığını deyib: "Mən hər zaman səmimi danışmışam. Bəli, həmin azarkeşlərin dəstəyinə çox ehtiyacımız var. Ancaq boykot etməklə heç nə düzəlməyəcək. Onların dəstəyini yenidən hiss etmək istəyirik".

"Sambaçı" mövsümü ikinci yerdə bitirmək şanslarının davam etdiyini söyləyib: "Artıq birinci yer təmin olunduğu üçün gümüş və bürünc medallar uğrunda mübarizə gərgin keçir. Əgər qarşıdakı matçlarda qalib gəlsək, mövsümü ikinci yerdə yekunlaşdıra bilərik".

Zədə aldığı üçün matçın 88-ci dəqiqəsində yerini Azər Əliyevə buraxan futbolçu özünü yaxşı hiss etdiyini vurğulayıb.

Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla