AZ

Aprel ayının növbəti tarixi hadisəsi

Yeni sərhəd dirəkləri...

Ötən illərdə olduğu kimi 2024-cü ilin aprel ayı da mühüm siyasi, tarixi hadisələrlə müşayiət edilməkdədir.  Aprelin 19-da Ermənistan ilə Azərbaycan arasında əldə olunan razılığın ardından aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyinin quraşdırılması bunun bariz sübutudur. Bəlli olduğu kimi, aprelin 23-dən etibarən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Cənubi Qafqazın siyasi mənzərəsinə təsir... 

Bu tarixi hadisə isə özündə olduqca mühüm və əhəmiyyətli məsələləri ehtiva etməkdədir. İlk sərhəd dirəklərinin basdırılması uzun illərdir davam edən və dağıntı, üzüntü, sarsıntıdan başqa heç nə vəd etməyən yorucu müharibə və mübahisələrin sona çatması deməkdir. İki ölkə arasında hüquqi sərhədlərin müəyyənləşməsi həm bütövlükdə, Cənubi Qafqaz üçün, həm də ayrı-ayrılıqda Azərbaycan və Ermənistan üçün mühüm ştrixlər vəd edir. Birincisi, bu amil Cənubi Qafqaza çoxdan həsrətini çəkdiyi davamlı sülhü vəd edir. 2023-cü il 19-20 sentyabr lokal antiterror tədbirlərinin ardından bölgə üçün spesifik bir mənzərə formalaşdırılmışdı - ərazisindəki separatizmin başını əzən Azərbaycan bütövlükdə, Cənubi Qafqazın gələcəyi üçün yeni üfiqlər formalaşdırmışdı. Bu isə yaxın gələcək üçün yeni razılaşmaların təməli də sayıla bilərdi:

- Lokal antiterror tədbirlərinin uğurla yekunlaşması Cənubi  Qafqazı sülh və sabitlik adası kimi real geosiyasi mahiyyətə malik etdi;

- Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesini bir neçə addım daha da qabağa daşımış oldu;

- Geosiyasi coğrafiyamızda nəzərdə tutulan bölgəsəl və qlobal layihələrin reallaşması üçün ortada hər hansı bir problemin olmadığını üzə çıxardı;

- Qlobal nəqliyyat xəttlərinin şaxələndirilməsi üçün zəmin formalaşdırdı. 

Son iki tezisin daha real əsaslarla həyata keçməsi üçün isə həm də sərhədlərin dəqiqləşdirilməsi mühüm mahiyyət daşıyır. Qeyd edildiyi kimi, bu razılaşmalar, bu addımlar yeni dövr üçün sülhü daha da yaxınlaşdıran amil qismində çıxış edir. 

Azərbaycanın icazəsi olmadan...

Sərhəd dirəklərinin növbəti xüsusi qeyd ediləsi məqamı ayrı-ayrılıqda dövlətlərin maraqlarının təmini məsələsidir - bu real mənzərə Ermənistan üçün daha mühüm əsaslar daşıyır. O baxımdan ki, Cənubi Qafqazın əsas oyunçusu olan Azərbaycan həm müharibədə qalib ölkədir, həm də bütün şərtləri hüquqi kodekslərə əsaslanır. Yəni Azərbaycanın istər hüquqi müstəvidə, istərsə də hərbi poliqonda çəkinəcəyi hər hansı bir hal yoxdur. Sərhədlərimiz beynəlxalq səviyyədə tanınır və buna hörmətlə yanaşılır - hətta illərlə davam etmiş işğal dövründə belə Azərbaycan icazəsiz halda işğal altındakı torpaqlara edilən səfərlərin hüquqi məsuliyyətini müəyyən etmişdi. Ermənipərəst maraqların əsirinə çevrilən bir sıra şəxslər dövlətimizin razılığı olmadan sərhədlərini pozduğu üçün arzuolunmaz şəxslər siyahısına salınmışdı. Yeni dövrdə isə artıq Azərbaycan həm də praktik şəkildə özünün Qərb sərhəddini müəyyənləşədirir - ortaya qoyulan iradə və qətiyyət bəhrəsini verir. 

Ermənistan üçün xilas və nicat...

Ermənistan üçün isə vəziyyət daha vacib xarakter daşımaqdadır. Sərhədlərini müəyyənləşdirməklə həm də hüquqi dövlət statusu əldə etmək kimi tarixi şans qazanan Ermənistan bəlkə də tarixinin ən vacib günlərini yaşayır - nəinki bölgədə, qlobal miqyasda qeyri-ciddi imicə malik rəsmi İrəvan Azərabaycan ilə münasibətləri normallaşdırmaqla bu streotipləri dəyişə bilər. Bu günün ən real məsələsi məhz sərhəd dirəklərinin basdırılması fonunda Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkərək sülh müqaviləsini imzalamasıdır - bu addım İrəvan üçün olduqca böyük əhəmiyyətə malik olacaq. Ermənistan bununla həm də özünü təsdiq edəcək. Başqa sözlə, Ermənistan dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etmək istəyirsə, mütləq şəkildə Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməlidir. Bunun üçün isə sülh müqaviləsi imzalanmalı, regionun təhlükəsiz inkişafı konsepsiyasına xələl vurulmamalı və normal qonşuluq münasibətləri sərgilənməlidir. Ermənistan anlamalıdır ki, xarici güclərin təhriki və ya təzyiqi yalnız və yalnız bu ölkənin zərərinə işləyir - iqtisadi inkişafı yubadır, siyasi şaxələnmənin qarşısını alır. Xarici güclərin məqsədi Ermənistanı sülhdən aralı saxlamaqla hüquqi status əldə etməsinə mane olmaqdır. Beləliklə, Ermənistan bu gün sözün əsl mənasında siyasi, iqtisadi, sosial və bütövlükdə, azadlıq əldə etmək istəyirsə Azərbaycanla sülh bağlamalı, sərhədlərini dəqiqləşdirməlidir. Çünki beynəlxalq münasibətlərin kataklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını Cənubi Qafqazda cəmləyir - bu, Azərbaycanın öz qonşuları üçün də yaratdığı böyük imkandır. Bu, həm də Ermənistan üçün xilas və nicat yoludur...

P.İSMAYILOV

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla