AZ

Əlixanı da, Talehi də vurun, öldürün, keçib artıq - “Alatava” qırğını 

Onlar Azərbaycan kinosuna yeni nəfəs gətirdilər - Əlixan Rəcəbov və Taleh Yüzbəyov. Təbii ki, onların ətrafına da bunu aid etmək olar. Ortaya qoyduqları işlərlə qısa zamanda insanların ürəyində sözün həqiqi mənasında, şişirdilmədən, şablon kimi səsləndirilsə də, doğrudan da, taxt qura bildilər. Əlixanın işlərini Talehsiz, Talehinkiləri Əlixansız görmək istəmir insanlar. 
Bayağılığın tüğyan etdiyi bir zamanda, üstəlik, bu ayıbın masalarda ləzzətli, hörmətli, izzətli yemək kimi xüsusi yer aldığı bir dövranda keyfiyyətli işlə ortaya çıxıb rəğbət qazanmaq heç də asan iş deyildi. Əvvəlcə “Mozalan” betonundan sonra uzun illər belə layihələrə həsrət qalan Azərbaycan tamaşaçısı, nəhayət, Əlixan və Talehin simasında bu cür ekran işlərini görməyə başladı. Heç kim onları izləməyə məcbur edilmədi, qısa videoçarxlarla, qısa zamanda insanları ekran başına, smartfon başına, nə bilim, planşet başına toplaya bildilər. 

Bazarın vitrinlərində eyni, oxşar məhsullardan saysız-hesabsız olanda müştəri əldə etmək nə qədər çətindirsə, sənət adı ilə qarğa bazarı salanların içindən keyfiyyətli işi ayırd edib sevmək, zövq almaq da bir o qədər çətindir. Özü də sənət təqdim edənlər “gəl ay, müştəri” deyə bilmir, onun sunduğu iş hay sala bilər, yoxsa elə digərləri kimi piştaxtada üstünü toz basacaq, yaxud bayağı nəsnələr kimi - “balamın ölmüşü, bundan yoxdur” ucuz fəndi ilə soxuşdurulacaq.
İndi son günlər “Alatava” serialı ətrafında qalmaqallı müzakirələr böyüməkdədir. Ekran işini ərsəyə gətirən həmin Əlixan və Talehin komandasıdır. Daha çox Rəcəbovun işi kimi tanınır və belədir. Serialın efirə gedən kadrlarında heç bir söyüş yer almır, amma “Youtube”da yerləşdirilmiş kadrlar senzurasızdır - tam platformanın formatına uyğun. Amma qeyri-etik ifadələrin ekran işində tez-tez işlədilməsi, ciddi mənfi reaksiyalara səbəb olub. Xüsusən Xalq artislərinin dilindən narazılıqlar eşidilir. Amma Azərbaycan tamaşaçısı belə söyüşlü filmlərə, seriallara başqa dillə, hətta azca bizim dildən fərqlənən Türkiyə türkçəsində baxmaqdan zövq alır və uzun müddətdir ki, Azərbaycan tamaşaçısı aktyorlardan təbiilik tələb edir, özü də bu istək ehtiraslıdır, bu istək şövqlüdür, hətta “nəsə çatmır e” səviyyəsində hey tələb var.

Budur, “Alatava” - küçə uşaqlarının hekayəsindən bəhs edən serial – o küçə uşaqları ki onları tam çıılpaqlığı ilə nümayiş etsələr, oynasalar, gərək Azərbaycan coğrafiyasında təqdim olunmasın. Yalnız bu xəritədən kənarda olsun və Azərbaycan tamaşaçısı xarici ekran işi kimi baxıb “qəşəngdir, əladır” deyib keçsin.

Bəs bizi qıcıqlandıran nədir? Açığı, mən də izləyəndə bir az narahat oldum ki, elə bil o ifadələri çox işlədiblər. Amma mövzunun belə böyüməsi, məni düşündürdü. Nə olub axı, yox e, nooolub axı? Camaatın televiziyadan çox, internetə üz tutduğu bir vaxtda və orada hər şeyin çırıl-çıplaq təqdim edildiyi bir zamanda nədir “Alatava”da partlayan qaz? Üstəlik, real həyatın səhnələşdirilməsi, hansısa müsbət mesajların ötürülməsinin nəyi pisdir ki? “Alatava” bir-bir qapını döyüb demir ki, “qardaş, mənə bax, buna baxmayının...”, sadəcə, təqdim edir, baxırsan bax, baxmırsan da nəysə...

Türkiyənin “Konuşanlar” layihəsi var, orada insanları kifayət qədər qəzəbləndirəcək dialoqlar olur. Sizi əmin edirəm ki, o işə ən əxlaqlı dediyimiz insanlar baxır və stres atdığını deyir. Necə deyərlər, söyüşün də biri bir qəpikdən. Layihə pulludur ha...

Dindirəndə “sən də başımıza molla kəsildin” deyən insanlar necə oldu ki, birdən-birə “bu nədi əəə, bu nədiii” formatına keçdilər?

Bir qərara gəlmək lazımdır, axı biz nə istəyirik? Onu müəyyənləşdirə bilməyəndə əlbəttə ki, “bu nədi əəə, bunu kim çəkib, sizi efirə kim buraxıb” hələ çox deyəcəyik. Ya da ki, elə həmişə tiktokdakı bayağı “ulduz”ların videolarına baxıb riyakar şəkildə şikayət edəcəyik.

Seriala baxanlar səs eləsə, onların sayı etiraz edənlərlə müqayisəyə gəlməyəcək dərəcədə çox olacaq, yaxud nədənsə çəkindiklərindən səssiz qalacaqlar.

Elə dünən uzun müddətdir ki, danışmadığım dostum  – təhsili, xarici dil biliyi, işi-gücü, məşğuliyyəti, ailə tərbiyəsi və s., necə deyərlər, tam Azərbaycan insanının “yaxşı adam” tərifini verdiyi biri – “Alatava”nın növbəti seriyasını səbirsizliklə gözlədiyini dedi, elə serialdakı sözlərə oxşar tərzdə: “Alatava” serialı var, zordu, baxırsansa, zor, təzə seriyanı sıxmışam”.

Çatışmazlıqlar hər yerdə ola bilər, töhfə vermək lazımdır, dağıdıcılığa yox e, quruculuğa.

Samir Mirzə

450355

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla