AZ

“Genosid” iddialarından imtinaya meyllənmə - Ermənilər yeni yol seçir?

Dünən aprelin 24-ü, ermənilərin qara günüydü. Hər il bu vaxtlar, 24 apreldən bir gün qabaq Ermənistan və Azərbaycan mediasında bu xüsusda bir xəbər başlığı dolaşardı: “ABŞ prezidenti “erməni genosidi” deyəcəkmi?”

Ertəsi gün isə ABŞ prezidentinin ənənəvi səhər brifinqində “erməni genosidi” əvəzinə “böyük fəlakət” (“Meds yaqern”) deməsi Ermənistan mediasında böyük fəlakət, bizdə isə “böyük uğur” kimi şərh olunardı.

bayyyll.JPG

Elə il oldu ki, ABŞ prezidenti (Bayden) birbaşa “erməni genosidi” dedi və bu, Ermənistanda sevincə, Türkiyə və bizdə isə qanqaraçılığa səbəb oldu. Ardı isə gəlmədi. Hətta ABŞ “erməni genosidi”nə dair qanun da qəbul etdi, amma bu, nə ermənilərə fayda verdi, nə də türklərə zərər. 

Bu il isə Bayden elə demədi və bu məsələyə dair ajiotaj olmadı. Belə görünür ki, artıq 1915-ci ildə ermənilərin başına gələn faciəvi hadisələrin adının nə olması maraqlı deyil və bu, sonsuz mübahisələrin, intriqaların predmeti olmaqdan çıxır.

Yayılan informasiyalardan aydın olur ki, bu il heç Ermənistanın baş naziri Nikol Paşinyan da “genosid” deməyib, “meds yaqern” deyib.

Nəhayət, 109 ildə bir praqmatik erməni tapılıb ki, terminlərlə oynamaq istəmir, “erməni genosidi” məfhumunun daha çox ermənilərə zərər verdiyini anlayır.

Çünki ermənilər bu iddia ilə çıxış edəndə Türkiyəni ağır cinayətdə ittiham etmiş olurlar və məntiqlə elə çıxır ki, Türkiyə Osmanlı imperiyasının varisi olduğu üçün buna hüququ müstəvidə cavab verməli, maddi təzminat ödəməlidir.

holok.jpg

Ermənilər belə bir “dolanışıq yeri”nin olduğunu II dünya müharibəsindən sonra, Almaniya Holokosta uğramış yəhudilərə təzminat ödəyəndə anlayıblar və ağıllarına gəlib ki, onlar da Türkiyədən eynisini tələb edə bilərlər.

O vaxtdan bəridir dünya erməniləri məqsədyönlü şəkildə bu işin dalındadırlar, müxtəlif üsullardan istifadə edərək dünya dövlətlərinin parlamentlərində uyğun qanun qəbul etdirirlər. Ancaq kampaniyanın sonu görünmür. Türkiyə dövləti Anadolu yarımadasında yaşayan ermənilərin dövlət siyasəti ilə məhv edildiyi ittihamını qəbul etmir və heç vaxt etməyəcək.

Ona görə ki, baş verən faciələr müharibə epizodlarıdır. Necə ki futbolda bəzən iki futbolçu toqquşur, biri ağır, biri yüngül, ikisi də zədə alır, amma hakim heç birini cəzalandırmır, toqquşmanı “oyun epizodu” kimi qiymətləndirir, eləcə də müharibədə dinc əhali arasında tələfat olanda “müharibə epizodu” kimi qəbul edilir.

savvva.jpg

I dünya müharibəsində hərbi əməliyyatların getdiyi regionlarda milyonlarla dinc sakin öldürülüb. Onların içində ermənilər də olub. Hətta ermənilərin bir yanı Türkiyə, digər yanı Azərbaycan, İran, Özbəkistan ərazisində minlərlə dinc sakini məqsədyönlü və kütləvi şəkildə qətlə yetirmələrinə dair faktlar var.
109 il öncə ermənilər boylarından hündürə tullanaraq, dövlətləri olmadığı halda icma şəklində müharibəyə qatılıblar, yadelli qoşunların Osmanlı imperiyasına hücumunu fürsət bilərək silahlı dəstələr yaradıblar, imperiyanı parçalamaq istəyən qüvvələrin niyyətindən xəbər tutaraq öz milli dövlətlərini qurmaq istəyiblər. Ancaq onlar öz qüvvələrini düzgün hesablamayıblar. Anadolunun şimal-şərqində, və cənub-şərqində yerli əhalinin müqaviməti ilə üzləşiblər. Kürdlər, lazlar, türklər birləşərək erməni gerillalarla savaşıblar. Nəticədə hər iki tərəf böyük itkilər verib. Sonda Osmanlı imperiyası parçalansa da, ermənilərin əlinə bir şey keçməyib. Mustafa Kamal Atatürkün rəhbərlik etdiyi qüvvələr Türkiyənin cənubunda (Maraş, Antep və Urfada) fransızlarla birlikdə oyuncaq “dövlətlər” qurmuş erməniləri sıxışdırıb Suriyaya keçiriblər. Bununla da ermənilər I dünya müharibəsindən məğlub ayrılıblar.

İndi Paşinyan və onun komandası, eləcə də sağlam düşüncəli ermənilər anlayır ki, müharibə epizodlarına siyasi status verilməsi çətindir, bunu, bu ağır ittihamı ilk növbədə gərək qarşı tərəf də boynuna götürsün. Belə bir şeyin olmayacağı bəlli olduğu üçün bu xüsusda israrçı olmaq Ermənistanın öz böyük qonşusu ilə düşmənçiliyi əbədiyyən davam etdirməsi deməkdir.

tur-er-kic.jpg

Dünən olduğu kimi, bu gün də Türkiyənin Ermənistana, onunla iqtisadi-ticari planda əməkdaşlığa ehtiyacı yoxdur. Çünki bu kiçik dövlət Türkiyənin çoxsaylı əyalətlərindən biri boydadır. Ancaq Türkiyə ilə hərtərəfli əməkdaşlıq Ermənistan üçün xilas jileti ola bilər. Ermənistanda bunu anlayanlar artdıqca, müharibə epizodlarına qapanıb qalmağın tərəfdarları azalacaq.

24 aprel gününə gəlincə, ermənilər bu tarixi heç vaxt unutmayacaqlar. Bu, onların qan yaddaşına həkk olub. Onlar bu günü ilahiləşdiriblər, ümummili hüzn günü qəbul ediblər, məsələ bitib. Demək olar ki, bütün xalqların hüzn günü var, ermənilərin də həmin günü 24 apreldir.

1915-ci ilin 24 aprelində isə Osmanlı sultanı müharibə gedən vilayətlərdə yaşayan ermənilərin ölkənin təhlükəsiz zonalarına, əsasən cənub vilayətlərə köçürülməsi barədə fərman verib. Həmin gün qırğın olmayıb, deportasiya barədə əmr verilib.

97487547_1750619438413963_2151287640404525056_n-300x145.jpg

Ona qalsa II dünya müharibəsində də Krım türkləri, çərkəzlər, çeçenlər, inquşlar, Mesxeti türkləri, Volqaboyu almanları Qazaxıstan və Özbəkistanın ilan mələyən bozqırlarına köçürülüblər. Özü də bu, müharibə epizodu olmayıb, Stalin bunu müharibənin bitməsinə az qalmış, həmin bölgələrin işğal təhlükəsi sovuşduqdan sonra edib.

Yəni dünyada müharibədə qırılanlar, köçürülənlər bir tərəfə, ermənilər başqa tərəfə ola bilməz. II dünya müharibəsində yaponlar ermənilərin verdiyi real tələfatın yüz misli qədər çinli öldürüblər, amma ortada genosid iddiası yoxdur. ABŞ-ın yaponları atom bombardmanına məruz qoyması isə müharibə epizodundan daha ötə şeydir.

 

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla