AZ

Uğurlarımızın səbəbi

Müstəqil Azərbaycan özünün hər cəhətdən müsbət reallıqları ilə dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Bunun nəticəsidir ki, ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə böyük etimad və hörmət göstərilir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb. Bu xüsusda, fikirlərini ifadə edən dövlətimizin başçısı “Biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır”, - deyə bildirib.

Regional təhlükəsizliyin və sabitliyin mühüm meyarı - Türkiyə-Azərbaycan birliyi

Uğurlu inkişafın təmin olunması üçün bir sıra fundamental amillər zəruri şərtlər qismində çıxış edir. Regional sabitlik və təhlükəsizlik də bu sırada yer alır. Prezident İlham Əliyev dəfələrlə Özünün konstruktiv yanaşmasını diqqətə çatdıraraq bildirib ki, təcrid olunmuş hansısa ölkənin uğurlu inkişafı mümkün deyil, bundan ötrü mütləq regional səviyyədə qonşularla yaxşı münasibətlər qurmaq lazımdır. Hazırda Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşularla yüksəksəviyyəli münasibətlərə malikdir. Eyni zamanda, respublikamızda uzunmüddətli daxili sabitlik bərqərar olub . Azərbaycan məhz belə bir şəraitdə tərəfdaş dövlətlərin iştirakı regional və qlobal əhəmiyyət daşıyan bir sıra transmilli layihələrin uğurla reallaşdırlmasına nail olub. Hazırda bu layihələr sayəsində regional inkişaf dəstəklənir və bütün tərəfdaş dövlətlər bundan faydalanırlar. Qeyd olunan layihələrdə Azərbaycanın tərəfdaşları sırasında bir qayda olaraq qardaş Türkiyə öndə gəlir. Bu gün ölkəmizin inkişafına təkan və çoxlu sayda tərəfdaş dövlətin bəhrələndiyi enerji və nəqliyyat layihələrinin təşəbbüskarı qismində məhz Azərbaycan çıxış edib. Lakin biz yaxşı xatırlayırıq ki, zamanında Avropadakı ayrı-ayrı mərkəzlər bu təşəbbüslərə mane olmaq üçün dəridən-qabıqdan çıxırdılar. Məsələn, Azərbaycanın inkişafını, beynəlxalq birliyə sıx inteqrasiyasını istəməyən qüvvələr cəfəng fikirlər irəli sürərək Cənub Qaz Dəhlizinin səmərəsiz olacağını bildirir və layihəyə investisiyalar ayrılmasını əngəlləməyə çalışırdılar. Belə olan halda Azərbaycan və Türkiyə qətiyyətli siyasi iradə ortaya qoymaqla zəruri sənədləri imzaladılar və praktiki müstəvidə işlərə başladılar. Beləliklə, bir vaxtlar xəyal kimi görünən layihə həyata vəsiqə aldı - onun bütün dörd seqmenti üzrə işlər 2020-ci ilin sonlarında tamamlandı. Hazırda  Azərbaycan şaxələndirilmiş nəql marşrutları ilə Gürcüstanın, qardaş Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Hamı yaxşı bilir ki, Cənubi Qafqaz coğrafiyası Ermənistanın otuz il davam edən işğalçılıq siyasətinə görə böyük təhdidlərlə üzləşib. Region bu müddətdə daim müharibə riskləri ilə üz-üzə qalıb. Azərbaycan 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı parlaq qələbələr sayəsində regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar regional əməkdaşlıq, Cənubi Qafqazı sülh və təhlükəsizlik məkanına çevirmək üçün fundamental zəmin formalaşdırıb. Bundan mütləq istifadə olunmalıdır. Burada da Azərbaycan-Türkiyə birliyinin əvəzsiz rolunu xüsusi qeyd edə bilərik. Vətən müharibəsinin ilk günlərindən Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin digər rəsmiləri, qardaş ölkənin bütün cəmiyyəti haqq mübarizəsinə qalxan Azərbaycanın yanında olduqlarını, ölkəmizi dəstəklədiklərini bildirdilər. Bu mənəvi dəstək Azərbaycana əlavə stimul verdi, xalqımızın özünəinam hissini artırdı və biz qalib gəldik. Postmüharibə mərhələsində Azərbaycan qalib status daşımasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən davamlı sülh çağırışları edir və qardaş Türkiyə bu çağırşlara özünün qətiyyətli siyasi dəstəyini göstərir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 iyun tarixində imzaladıqlarI Şuşa Bəyannaməsi bütövlükdə regional əməkdaşlıq və təhlükəsizlik üçün yeni üfüqlər açıb.  İki qardaş ölkənin hərtərəfli əməkdaşlığının önəmindən bəhs edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır.  “Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədə aydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma və Azərbaycan ilə Ermənistan arasında normallaşma paralel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycanın “Vahid Çin” siyasətinə yanaşması

Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub.

 Azərbaycanın müstəqilliyi illərində ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təbii ki, bu dövrdə Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafına görkəmli dövlət xadimi Heydər 

Əliyevin müstəsna rolu olub. O cümlədən hazırkı dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. 

İkitərəfli münasibətlərdə iqtisadi sektor xüsusi yer tutur. Çinlə ölkəmiz arasında son illərdə səmərəli investisiya əməkdaşlığı həyata keçirilib. Respublikamızda  Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda respublikamızın ticarət dövriyyəsində Çin əsas ölkələr siyahısında 4-cü yerdə qərarlaşır. Təkcə ötən il ərzində Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 60  milyon dollardan çox olub. Qeyri-neft məhsullarının ixracı isə 20  milyon dolları keçib.  Bəhs olunan tədbirdə Prezident İlham Əliyev vurğulayıb ki, bizim “Vahid Çin” siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımızın əsasını təşkil edib. “Hazırda əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir”, - deyən dövlətimizin başçısı Çin Prezidenti Si Cinpinlə dəfələrlə görüşdüyünü və həmin görüşlərdən çox yaxşı təəssüratlarının olduğunu bildirib. Vurğulayıb ki, bu görüşlər münasibətlərimizə əlavə təkan verir.

Azərbaycanın nadir nümunəsi - özünü həm  Avropada, həm də Şərqdə rahat hiss edən ölkə

Azərbaycanın uğurlu inkişafının digər bir mühüm şərti ölkəmizin multikultural mühiti ilə bağlıdır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Prezident İlham Əliyevin iradəsi ilə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan millətlərarası və dinlərarası dialoq baxımından da nümunəvi bir ölkə kimi fərqlənir.  Onilliklər ərzində qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkmiş Azərbaycanın hazırkı narahat dünyada  sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən və yaxud kimləri isə alçaldan amil kimi çıxış etmir. Əksinə burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. 

Müstəqillik illərində ardıcıl siyasəti ilə İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verən Azərbaycan  eyni zamanda  bütün dünyada multikulturalizm ideyalarını təşviq edir. Bu gün ölkəmiz İslam coğrafiyasında yerləşən ölkələri bir araya gətirən təşkilatlarda olduğu kimi, Avropa təsisatlarında da böyük fəallıq nümayiş etdirir. Prezident İlham Əliyev bildirib ki, biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir. Dövlətimizin başçısı fikrini belə əsaslandırıb: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın - Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”.

Mübariz ABDULLAYEV

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla