AZ

Tarixdən bu günə

Azərbaycanla Qırğızıstan arasında münasibətlər yüksək dinamika ilə inkişaf edir

Hazırda dünyada müşahidə edilən geosiyasi reallıqlar fonunda xalqlar arasında tarixən mövcud olmuş bağlılıq, milli-mənəvi dəyərlərin, ənənələrin, həyat tərzinin oxşarlığı dövlətlərarası münasibətlərə də təsir göstərən fundamental amillər qismində çıxış edir. Bu baxımdan son illərdə Azərbaycanla Qırğızıstan arasında münasibətlərin intensivləşməsi də diqqət çəkir. Azərbaycanla Qırğızıstan müəyyən zaman kəsimlərində hansısa səbəblərdən bir-birlərindən məsafədə qalsalar da, hazırda onların yaxınlaşmasını, bir-birlərinə səmimi şəkildə etimad bəsləmələrini, birgə layihələrə qoşulmalarını müşahidə etmək çox xoşdur. İndiki yaxınlaşmanın təməlində dayanan əsas amil isə heç şübhəsiz ki, tarixi bağlılıqdır.  Xalqlarımız bir əzəmətli ağacın eyni kökdən gələn və rişələnən budaqlarıdır. Azərbaycan və qırğız xalqları eyni dinin daşıyıcılarıdırlar, oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər. Əcdadlarımız böyüdükcə, saylarını artırdıqca eyni məkana sığmayıblar, yeni-yeni ərazilərə gələrək özlərinə yurd-yuva qurublar, dövlətlər yaradıblar. Gen yaddaşı isə eyni soyun daşıyıcılarında daim qalıb və gözəgörünməz cazibə qüvvəsi tək onları bir-birinə doğru çəkib. Yeni mərhələdə dövlətlərin və liderlərin siyasi qətiyyəti, cəmiyyətlərin istəyi ilə yaxınlaşma prosesi geridönməz hal alıb.

Heydər Əliyevin əvəzsiz rolu

İş elə gətirib ki, eyni soy-kökdən gələn Azərbaycan və Qırğızıstan düz 70 il ərzində keçmiş SSRİ-nin tərkibində yer alıblar. Sovet dönəmində ideoloji və siyasi amillər səbəbindən birbaşa ikitərəfli münasibətlər qurmaq mümkün olmayıb. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində tarixi proseslərin məntiqi nəticəsi olaraq keçmiş İttifaqın süqut etməsi ilə Azərbaycan və Qırğızıstan dövlət müstəqilliyi qazanmağa nail oldular. İki ölkə arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlayıb. Qırğız Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən, bu ölkənin Azərbaycanda səfirliyi təsis edilib.

Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər Türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə böyük siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli ölkələrin dövlət başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstanda səfərdə olub. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib. Görüşdə həmçinin, keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması ilə əlaqədar aparılan danışıqlardan da geniş bəhs edilib. Səfər çərçivəsində Heydər Əliyev Bişkekdə Manas dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərinə qatılıb.

 Sonrakı illərdə Heydər Əliyevlə Qırğızıstanın yüksəksəviyyəli rəsmiləri arasında daha bir neçə görüş baş tutub. Beləliklə də, ikitərəfli əlaqələrdə intensivlik artıb. 

Növbəti mərhələdə Prezident İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu siyasəti eyni ardıcıllıqla davam etdirib.  Azərbaycan Lideri 2016-cı ildə MDB Dövlət Başçıları Şurasının iclasında, 2018-ci ildə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak etmək üçün Qırğızıstana səfər edib. Bu səfərlər zamanı keçirilən görüşlər əlaqələrin inkişafına töhfələr verib. Son illərdə isə Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşılıqlı səfərləri daha da intensivləşib. Liderlər arasında yaranan dostluq münasibətləri ikitərəfli əlaqələrin inkişafına güclü impuls verir.

İkitərəfli əlaqələr, beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq

Azərbaycanla Qırğızıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağı hədəfləyiblər. Hazırda ikitərəfli münasibətlər tarixdə heç vaxt olmadığı qədər yüksək səviyyədədir. Biz Azərbaycan Prezidentinin Qırğızıstana, dost ölkənin Prezidentinin isə respublikamıza səfərlərinin intensiv hal aldığını qeyd etdik. Geniştərkibli nümayəndə heyətlərinin qatıldıqları bu səfərlərin gündəliyi kifayət qədər geniş olur. Səmimilik şəraitində keçən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Azərbaycan və Qırğızıstan prezidentləri iki ölkə arasında əmtəə dövriyyəsinin həcminin artırılmasının zəruriliyini gündəmə gətiriblər. Vurğulanıb ki, bunun üçün böyük potensial var. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması ilə bağlı qərarın qəbul olunması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq. Gələcəkdə bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. İki ölkə arasında Dövlətlərarası Şuranın yaradılması da çox mühüm hadisədir. Eyni zamanda,  Hökumətlərarası komissiyanın iclasları Bakıda və Bişkekdə müntəzəm qaydada keçirilir.

Hər iki ölkə ikitərəfli əlaqələrin inkişafına güclü siyasi iradə göstərdikləri kimi, beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq əməkdaşlığın ən səmərəli platformalarından biri Türk Dövlətləri Təşkilatıdır. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasındakı çıxışında bildirib ki, bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.

Azərbaycanla Qırğızıstanın fəal əməkdaşlıq etdikləri beynəlxalq platformalardan biri də SPECA - BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramıdır.  SPECA 1998-ci ildə formalaşdırılıb.  Onun əsas məqsədləri və fəaliyyət istiqamətləri 26 mart 1998-ci ildə qəbul olunmuş Daşkənd Bəyannaməsində öz əksini tapıb. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan proqrama üzv dövlətlərdirlər. Azərbaycan 28-29 noyabr 2002-ci ildə Bişkek şəhərində keçirilmiş Regional Məşvərət Komitəsinin 4-cü sessiyasında proqrama üzv qəbul edilib. Həmin vaxtdan etibarən respublikamız proqramın həyata keçirilməsində xüsusi fəallıq göstərir. 2023-cü il noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Görüşə qatılan Qırğızıstan Prezidenti Sadır Japarov BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına uğurlu sədrliyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Mübariz FEYİZLİ

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla