AZ

İranlı reper yenidən edama məhkum edildi


İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etirazları təşkil etməkdə günahlandırılan iranlı rep ifaçısı Tumac Salehi haqqında yenidən ölüm hökmü çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, İranda nəşr olunan “Şərq” qəzetinə danışan Salehinin vəkili Əmir Rəisiyan İsfahan İnqilab Məhkəməsinin Ali Məhkəmənin qərarını icra etmədiyini bildirib.
“İsfahan İnqilab Məhkəməsi misli görünməmiş bir addım ataraq, Ali Məhkəmənin Tumac Salehiyə qarşı çıxardığı hökmü icra etməyib. Məhkəmə Salehini “insanlar arasında fitnə salmaq” ittihamı ilə ən ağır cəza olan ölüm cəzasına məhkum edib”, - vəkil bildirib.
Xatırladaq ki, reper 2022-ci ilin sentyabrında başlayan və Məhsa Əminin polis nəzarətində ölməsindən sonra təxminən 4 ay davam edən nümayişlər zamanı etirazlara qatılmış, aksiyaları dəstəkləyən açıqlamalar vermişdi.
İran rəsmiləri daha sonra Salehinin ölkədən qaçmaq istəyərkən saxlanıldığını açıqlamış və onun gözləri bağlı halda “etdiyi əmələ görə” üzr istəməsini əks etdirən kadrları yayılmışdı. Ailəsi və tərəfdarları Salehinin həbsxanada işgəncələrə məruz qaldığını və “günahını etiraf etməyə” məcbur edildiyini iddia ediblər.
Salehi nümayişlər zamanı silahlı qüvvələrlə zorakılığa və qarşıdurmaya təşviq etdiyi iddiası ilə əvvəlcə edam cəzasına məhkum edilmiş, lakin daha sonra Ali Məhkəmə reperin hakimiyyətlə “effektiv əməkdaşlıq” etdiyini əsas gtirərək bunu həbslə əvəz etmişdi.
Seçilən
37
7
Mənbələr
Şərh ()
Bağla