AZ

Bakı İrəvandan daha bir kəndi tələb edə bilər – Əgər bu ərazi qaytarılsa…

Bakı İrəvandan daha bir kəndi tələb edə bilər – Əgər bu ərazi qaytarılsa…

Milli Məclisin deputatı Zahid Oruc parlamentin iclasında çıxışı zamanı Nüvədi kəndini gündəmə gətirib.

"Bir kəndin – Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir", – o bildirib.

Maraqlıdır, Azərbaycan bu kəndi geri istəyə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı deyib ki, Azərbaycana qaytarılan 4 kənddən başqa, 1990-cı illərin əvvəlində Ermənistanın işğal etdiyi daha 4 kəndimiz var:

"3-ü Qazaxın (Yuxarı Əskipara, Sofulu, Barxudarlı), digəri Sədərəyin (Kərki) kəndidir. Ermənistan bu kəndləri də geri verməlidir.

Bundan başqa, Zəngilanın Nüvədi kəndinin Mehri rayonuna verilməsi 1929-cu ildə baş tutmuşdu. Bu kəndin verilməsi qeyri-qanuni olub və uzun müddət bu dəyişiklik təsdiq edilməyib".

Qafar Çaxmaqlının fikrincə, 1920-ci il dekabrın 1-də Qərbi Zəngəzurun Ermənistana güzəştə gedilməsinin də heç bir hüquqi əsası yoxdur:

"Ərazi dəyişikliyi hüquqi olaraq referendum və ya plebisidlə həyata keçirilir. Bunların heç biri olmadığından Azərbaycan bu məsələni qaldıra bilər.

Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin varisidir. Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadratkilometrdən çox olub, Ermənistanın isə 4 iyun Batum anlaşması ilə ərazisi 9 min kvadratkilometr idi. Biz indi varislik prinsipindən çıxış etsək, bu torpaqlar geri verilməlidir.

Şübhəsiz ki, sərhədlərin müəyyənləşməsində bu prinsip önə çəkilməlidir. Nüvədi kəndi ilə bağlı xüsusi yanaşma olmalıdır, çünki bu kəndin verilməsi ayrıca hüquqi yanaşma tələb edir".

Qeyd edək ki, 1914-cü ildə Nüvədi kəndində 1072 nəfər azərbaycanlı yaşayıb. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalıb və sakinləri ata-baba torpaqlarından deportasiya olunub. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönüb.

1979-cu ildə kənddə 1700 azərbaycanlının yaşadığı qeyd edilir. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədinin sakinləri – azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla