AZ

Türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata birgə bəyanatlarında bir daha bildirdilər ki, səfər münasibətlərdə yeni səhifə açacaq, yeni istiqamətlərin müəyyənləşdirilməsinə töhfələr verəcək

“Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.” Dövlət başçısı İlham Əliyev bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində Azərbaycanın xarici siyasətində türk dünyasının birliyinin, türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini xüsusi qeyd etdi.

Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Cənab İlham Əliyev, eyni zamanda, bildirir ki, türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Qeyd etdiyimiz kimi, 44 günlük İkinci Qarabağ müharibəsi, eyni zamanda, postmünaqişə dövrünün reallıqları bir daha bu birliyin təqdimatı oldu. Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında ümumilikdə türk dünyasının birliyinin şahidinə çevrildi. Müharibənin ilk günündən Azərbaycana siyasi və mənəvi dəstəyini əsirgəməyən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Azərbaycan tək deyil» çağırışı 44 gündə istər ölkə, istərsə də Türkiyə mətbuatında xüsusi yer tutdu. Bütün küçə və meydanları Azərbaycan və Türkiyənin bayraqları bəzədi. Postmünaqişə dövrünün reallıqları fonunda da dünya bu birliyin sarsılmazlığının şahidi oldu. Bu birlik özünün aydın ifadəsini işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində tapdı. Hələ tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir: «Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir.» Tarixi Zəfərimizdən sonra Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmi təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasbətlərdə yeni mərhələnin əsası qoyuldu.

Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri artıq davamlı xarakter alıb. Aprelin 24-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri də bir çox məqamlara aydınlıq gətirdi. Dövlət başçısı İlham Əliyevin daim çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, bir turkdilli dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı və birgə səylər göstərməlidirlər. Təbii ki, bu çağırış özlüyündə diaspor fəaliyyətinin genişləndirilməsini, ölkələr arasında etimad mühitinin daha da möhkəmləndirilməsini bir tələb kimi qarşıya qoyur.

Yuxarıda da qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərdə yeni səhifənin başlanğıcıdır. Belə ki, keçirilən görüşlərdə müzakirə edilən məsələlər, ümumi mövqenin ortaya qoyulması, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər əlaqələrin gələcək inkişafına stimuldur. Dövlət başçısı İlham Əliyev və Qırğızıstan Prezidentinin məhdud tərkibdə görüşü oldu. Bu görüşdə əməkdaşlığımızın bir çox mühüm məsələləri müzakirə edildi, onun əsas istiqamətləri, prioritetləri açıqlandı. Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Bir daha qeyd edildi ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət verilir. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır.

Hər bir səfərin əhəmiyyətini və gələcəkdə əlaqələrin inkişafında nə kimi rol oynayacağını təsdiqləyən mühüm məqamlardan biri də sənədlərin imzalanmasıdır. Prezident İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. Səfər çərçivəsində ümumilikdə 18 sənəd imzalandı. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək. İmzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək. Onlardan hər biri böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun imzaladıqları Dövlətlərarası Şurasının ikinci iclasının Qərarı”nı və Birgə Bəyannaməni xüsusi qeyd etməliyik. Qırğızıstan Prezidenti Sadır Japarov Birgə Bəyannaməni xüsusi qeyd edərək bu mühüm sənədi praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterinin rəsmi şəkildə təsbit etdiyini diqqətə çatdırdı. İmzalanan sənədlər iki ölkənin ikitərəfli münasibətlərinin möhkəm qanunvericilik bazasını yaradır.

Səfərin əhəmiyyətini, məqsəd və məramını, həmçinin münasibərlərin gələcək inkişafını açıqlayan mühüm addımlardan biri də prezidentlərin mətbuata bəyanatlarıdır. Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış etdilər. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir. Ən önəmlisi ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2022-ci ildə Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalandı. Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirmişdir ki, bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı. Sadır Japarov bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, bu gün dünyada baş verən dərin dəyişikliklər yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin bizim baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir. Bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür: “Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var.”

Dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi

Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev açılışda bildirdi ki, bu gün Qırğızıstan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri tarixində əlamətdar gündür. Bu gün qırğız xalqının böyük oğlu Çingiz Aytmatovun abidəsi açılır. Əminəm ki, bu, dostluğumuzun, qardaşlığımızın və birliyimizin daha bir rəmzi olacaq.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov isə bildirdi ki, bu abidə Çingiz Aytmatovun yaradıcılıq irsinə böyük hörmət və ehtiramın ifadəsidir.

Onu da qeyd edək ki, 2022-ci ilin oktyabrında Prezident İlham Əliyev Qırğızıstana ilk dövlət səfərini etdi. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlər, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Saziş imzalandı. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak etdi.

Azərbaycan və qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanla Qırğızıstan arasındakı uğurlu dövlətçilik münasibətlərinin əsası məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir. Bugünümüzün qürurverici hadisələrindən biri də işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılmasına qardaş dəstəyinin göstərilməsidir. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə bu qardaş ölkə öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Aprelin 25-də Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli və Ağdam rayonlarında olacaq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəklər. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.

İki ölkə arasında münasibətlərin dünəninə və bugününə qısa baxış bu ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, xüsusilə türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var. Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana yenidən səfəri iki ölkə arasında mövcud olan münasibətlərdə yeni səhifə açacaq, xalqlarımızın tarixi və mənəvi əlaqələrini daha da möhkəmləndirəcək, mövcud potensialdan tam istifadə üçün mühüm addımların atılmasına şərait yaradacaq. İmzalanan sənədlər, Azərbaycan və Qırğızıstan prezidentlərinin mətbuata bəyanatlarında səsləndirilən çağırışlar hər iki tərəfin əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyir.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
237
7
Mənbələr
Şərh ()
Bağla