AZ

Gözlər qızarır, barmaqlar keyiyir: Niyə hamı xəstəlikdən şikayət edir? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə əhali arasında hansısa virus yayılması ilə bağlı iddialar və o iddialar əsasında şikayətlər çoxalıb. Vətəndaşlar hansısa virus infeksiyasına yoluxduqlarını, bununla yanaşı, konyunktivit, iybilmənin güclənməsi, əl və ayaq barmaqlarında hissiyyatın itməsi, keyimə kimi fəsadlarla qarşılaşdıqlarını bildirirlər.

Maraqlıdır, fəsil dəyişkənliyi ilə bağlı müəyyən xəstəliklərdə artım və ya hansısa virusun daha çox yayılması halı müşahidə olunurmu?

Bununla bağlı TƏBİB-ə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövsüm dəyişkənlikləri ilə əlaqədar qrip və kəskin respirator virus infeksiyalarına yoluxma sayında artım müşahidə olunması təbii hal kimi qiymətləndirilir:

“Bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül klinik simptomlarla keçir, fəsadlaşmır və bir çox hallarda etioloji müalicə ehtiyacı olmadan baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştaha yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir, bədən hərarəti normallaşır və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir”.

Məlumatda xüsusi olaraq vurğulanır ki, risk qruplarına aid bəzi şəxslərdə xəstəliklərin ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür:

“Bunu nəzərə alaraq, yüksək temperatur beş-yeddi gündən çox davam etdikdə, hərarətsalıcı dərmanların təsiri olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının azalması, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması hallarında həkim-mütəxəssisə müraciət edilməsi tövsiyə olunur. Bəzi oxşar simptomlarla əlaqədar mövsümi allergik xəstəliklərlə kəskin respirator virus infeksiyalarını fərqləndirmək çətinləşir. Belə hallarda həkim-allerqoloqların konsultasiyası vacibdir”.

TƏBİB-in açıqlamasında o da qeyd olunur ki, orqanizmin xəstəliklərə qarşı mübarizəsində immun sisteminin rolunu nəzərə alaraq, onu balansda saxlamaq üçün düzgün qidalanmaya, yuxu rejiminə, stresdən uzaq durmağa və s. riayət olunması arzuolunandır. Həmçinin, virusların ötürülmə yollarını nəzərə alaraq şəxsi gigiyena qaydalarına riayət olunması (əl gigiyenasına nəzarət, respirator gigiyena, sosial məsafənin qorunması və s.) xəstəliklərə yoluxmanın qarşının alınmasında ən effektiv üsullardan biridir.

“Hazırda ölkəmizdə epidemioloji durum sabitdir, nəzarətolunandır”.
Bunu isə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, yaz fəsli ilə əlaqədar bəzi infeksion xəstəliklərə yoluxma halları qeydə alınır. Bu, fəsil dəyişməsi, qışdan miras qalan hipovitaminoz vəziyyəti, immunitetin mövsümi zəifləməsi ilə əlaqədardır.

“Yaz fəslində havanın temperaturunun qısa vaxt ərzində tez-tez dəyişməsi, düzgün geyim seçimində yaranan obyektiv çətinliklər də soyuqdəymə xəstəliklərinin baş verməsi üçün əlverişli şərait yaradır.

Havanın hərarəti artdıqca insanların ünsiyyəti də artır, istirahət, işgüzar və digər səbəblərdən səyahət və yerdəyişmələr çoxalır ki, bu da hava-damcı, təmas, fekal-oral yoluxma mexanizmli infeksiyaların yayılmasına gətirib çıxarır. Hazırda ölkəmizdə epidemioloji durum sabitdir, nəzarətolunandır. Ənənəvi olaraq yaz fəslində müxtəlif respirator virus infeksiyalarını görürük”.

T.Eyvazov vurğulayıb ki, müxtəlif illərdə yaz fəslində suçiçəyi, rotavirus infeksiyası və digərlərinin də yayıldığını nəzərə almaq lazımdır.

İnfeksionist Tofiq Hacıyev bildirib ki, mövsümlə əlaqədar olaraq virus xəstəlikləri ilə bağlı hər hansı artım və ya epidemiya halı kimi bir hal müşahidə edilmir:

“Biz poliklinika olaraq fəaliyyət göstəririk. Bizim gördüyümüz xəstələrdə hansısa virus epidemiyasında artım müşahidə olunmur. Xəstələr daha çox allergik şikayətlərlə bağlı müraciət edirlər ki, bu da fəsil dəyişkənliyi ilə bağlıdır. Məsələ heç bir halda hansısa virus xəstəliyinin yayılması ilə bağlı deyil”.

Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla