AZ

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

ABŞ-ın

Kiyev, 24 aprel, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Onun dəyəri 1 milyard dollardır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin və Pentaqonun mətbuat xidməti məlumat yayıb.

“İndi Amerika Ukraynaya döyüşmək üçün lazım olan yardımı göndərəcək. Mən bu paketi mümkün qədər tez irəlilətmək üçün əlimdən gələn hər şeyi edirəm”, - deyə ABŞ Prezidenti bəyan edib.

Baydenin sözlərinə görə, Amerikanın yeni yardımı yaxın zamanda Ukraynaya çatdırılacaq.

“Yaxın bir neçə saat ərzində, sözün əsl mənasında, bir neçə saatdan sonra biz Ukraynaya hava hücumundan müdafiə vasitələri, artilleriya və raket sistemləri üçün döyüş sursatı, zirehli texnika göndərməyə başlayacağıq”, - deyə ABŞ Prezidenti bildirib.

Pentaqonun məlumatına görə, ABŞ-ın yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri üçün raketlər, zenit raketləri, HIMARS üçün əlavə sursat, 155 mm-lik artilleriya mərmiləri, o cümlədən yüksək partlayıcı mərmilər və təkmilləşdirilmiş ikili təyinatlı adi döyüş sursatları, 105 mm-lik artilleriya mərmiləri, 60 mm minaatan mərmiləri, piyada döyüş maşınları, minaya davamlı pusqudan qorunan avtomobillər, yüksək hərəkətli çoxməqsədli təkərli avtomobillər, logistika vasitələri, TOW tank əleyhinə raketlər, “Javelin” və AT-4 tank əleyhinə sistemləri və digər silah-sursatlar daxildir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Seçilən
110
27
Mənbələr
Şərh ()
Bağla