AZ

Bakıda Qırğızıstan incəsənət ustalarının qala-konserti keçirildi

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakıya gələn Qırğızıstan nümayəndə heyətinə bu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov rəhbərlik edir.

Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Öncə mərkəzin foyesində dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələrinin nümayişi olub.
Daha sonra Qırğızıstan incəsənət ustalarının qala-konserti keçirilib.

Mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, zəngin proqramı olan silsilə tədbirlər qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətli rol oynayır.

"Dünəndən ölkəmizdə silsilə tədbirlərə start verilib. Ötən gün Nizami Kino Mərkəzində Qızğızıstan kinosunun açılışı oldu. Bu gün isə rəssamların, tarixi eksponatların sərgisi və moda nümayişlərinin keçirilməsi inanıram ki, Azərbaycan izləyicisi üçün çox maraqlı oldu".


Altınbek Maksutov bildirib ki, Azərbaycanda Qızğızıstan mədəniyyət günlərinin təşkili üçün ölkəsinin mədəniyyət və incəsənət nümayəndələri böyük səylə çalışıblar.
O müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini mühüm hadisə kimi qiymətləndirib.

"Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələr daim yüksələn xətlə inkişaf edəcək".

Qeyd edək ki, Qırğızıstan mədəniyyəti günləri aprelin 26-na kimi davam edəcək. Tədbirlər əsasən Bakıda keçiriləcək, paytaxtda qırğız rəssamlarının, milli sənət növlərinin, zərgərlik məmulatlarının, qədim və müasir geyimlərin, həmçinin milli mətbəx nümunələrinin sərgiləri keçiriləcək, qırğız filmlərinin nümayişi olacaq.


Müəllif: Nərmin Muradova
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla