AZ

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

“Özbəkkosmos”

Ankara, 24 aprel, AZƏRTAC

Özbəkistan kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə maraqlıdır.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətdə “Özbəkkosmos” Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin kosmik sahədə innovasiyalar və texnologiyaların transferi şöbəsinin müdiri İsmoil Rəsulov bildirib.

O xatırladıb ki, ötən il “Özbəkkosmos” Agentliyi və Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) arasında artıq reallaşdırma mərhələsində olan Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Eyni zamanda, tərəflər qarşılıqlı əlaqəni dərinləşdirmək qərarına gəliblər.

“Bu gün Ankarada Beynəlxalq Kosmik Texnologiyalar Konfransı (STC) çərçivəsində Özbəkistan və Azərbaycan arasında kosmik sahədə əməkdaşlıq barədə daha bir sənədin imzalanması planlaşdırılır. O, ekoloji sahədə kosmik texnologiyaların istifadə edilməsi məqsədi daşıyır. Bu, birgə pilot layihəsinin yekunlarının Azərbaycanda BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP-29 çərçivəsində təqdim edilməsi planlaşdırılır”, - deyə İsmoil Rəsulov izah edib.

Onun sözlərinə görə, Özbəkistanın kosmos agentliyi bu gün ekoloji sahədə bir neçə layihə reallaşdırır və bununla əlaqədar olaraq Azərbaycan da daxil olmaqla, beynəlxalq tərəfdaşların təcrübəsi xüsusi maraq doğurur.

Bu gün Özbəkistanın Yer kürəsinin orbitində peyklərinin olmamasını qeyd edən İ.Rəsulov kosmik texnologiyaların beynəlxalq bazarının imkanlarının araşdırıldığını bildirib. O həmçinin Türk Dövlətlər Təşkilatının platformasında da kosmik sahədə dialoqun əhəmiyyətini vurğulayıb.

İsmoil Rəsulov xatırladıb ki, TDT ölkələrinin kosmik agentlikləri nümayəndələrinin növbəti iclası ötən il Özbəkistanda baş tutub və əməkdaşlıq çərçivəsində Türkiyədə “Kosmik düşərgə”də türkdilli dövlətlərin gənclərini bir araya gətirən “SpaceCamp” layihəsi artıq reallaşdırılıb.

“Türkiyə tərəfinin təşəbbüsü ölkələrimiz tərəfindən dəstəklənib. Aviakosmos tədris mərkəzinin əsasında ötən ilin avqustun sonu, sentyabrın əvvəlində Bursada türkdilli ölkələrin hər birindən 10 məktəbli bir araya gəlib. Onlar hamısı layihədə iştirakdan məmnun qalıb və gələcəyini kosmosa bağlamaq qərarına gəliblər”, – deyə İ.Rəsulov qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla