AZ

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

Xarəzmli

Bakı, 24 aprel, AZƏRTAC

Xarəzm yurdunun təbiətə və klassik ədəbiyyata aşiq qızı Şairə Şəmsin “Gözlərindəki bahar” adlı kitabı Azərbaycan dilində nəşr olunub.

AZƏRTAC xəbər verir ki, kitab özbəkşünas alim Almaz Ülvi Binnətovanın geniş “Ön söz”ü və redaktorluğu ilə işıq üzü görüb. “Müasir Xarəzm şeirinin Şəmsi” adlı “Ön söz”də Almaz Ülvi yazır: “Türk xalqları klassik ədəbiyyatında əruz elminə xüsusi dəyər verilib. Lütfi, Ətayi, Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur, Agahi kimi bir çox şairlər əruzda əsrlər boyu sevilə-sevilə oxunan, mükəmməl və çox gözəl qəzəllər, rübailər yaratmışlar. Şairin gözəl əsərlər yaratması üçün əruz elmini mükəmməl bilməklə yanaşı, həm də bədii yaradıcılıq istedadı, zərif poetik ruhu, özünəməxsus üslubu olmalıdır. Bu günün müasir şairləri arasında klassik ədəbiyyatımıza məhəbbət və heyranlıqla yanaşı, heca və əruz vəznində yaradıcılıq nümunələri yaradan şairlər var. Onlardan biri də Xarəzm şairəsi – Agahı diyarından olan Şairə Şəmsdir. Şairə Şəms (Qələndərova Şairə) 1978-ci ildə Xarəzm vilayətinin Altıarıq rayonunda müəllim ailəsində anadan olub. Ürgənc Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil aldıqdan sonra rayon məktəbində ana dili və ədəbiyyatı müəllimi (2001-2020), 2020-ci ildən isə Özbəkistan Yazıçılar Birliyinin Xarəzm vilayət bölməsinin mütəxəssisi vəzifəsində çalışır”.

Onun sözlərinə görə, Şairə Şəms 1995-ci ildən şeirləri ilə mətbuatda çıxış edir: “Əvvəlcə Xarəzm vilayətinin “Xarəzm gəncləri”, “Xarəzm ziyalısı”, “Xarəzm mərifəti”, “Əbədi söz”, daha sonra isə respublikanın “Mərifət” qəzetində, “Şərq ulduzu”, “Yashlık”, “Saodat”, “Cahan ədəbiyyatı” jurnallarında çap olunub. Şeirləri Azərbaycan, türkmən, türk, tacik, fars-tacik, ingilis dillərinə tərcümə olunaraq çap edilib. Onun “Arzular qayası”, “Səməndər”, “Ağlayan quş”, “Torpaq dili” adlı şeir topluları nəşr olunub. Özbəkistanın Xalq şairi Osman Əzim Şairə Şəmsiyə “Nəvainin qızı” kimi dəyər verib.

XXI əsrin astanasında Şairə Şəms özbək poeziyasının qəzəlnəvisləri sırasında “Divan” yaratmaq ənənəsini davam etdirib. Klassik poetik formalarda yaratdığı əsərləri onun klassik ədəbiyyata dair bilik, təcrübə və məharətinin yetkin olduğuna sübutdur. Düşünürəm ki, Şairə Şəmsin şeirləri təkcə özbək oxucularının deyil, Azərbaycan oxucularının, eyni zamanda, şairlərinin qəlbində yer alacaq. İki xalqın ortaq hisslərini tərənnüm edən şairlərin əsərləri türk xalqlarının tarixi sərvətinə, xəzinəsinə çevriləcək. Şairə Şəmsin bir sıra şeirlərini tərcüməçi və istedadlı şair Rəhmət Babacan Azərbaycan dilinə uyğunlaşdırmışdır. Əslində, Xarəzm şivəsi Azərbaycan şivəsinin əkizidir. Ona görə də bir çox sözləri elə Xarəzm şivəsində təqdim etməyə üstünlük verilib”.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla